Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına məktublar gəlməkdə davam edir. Lent.az həmin məktublardan bəzilərini təqdim edir.
Ahmet Hulisi Türkiyədən yazır:
- Hörmətli cənab Prezident!
Torpaqlarınızın azadlığı üçün göstərdiyiniz əzm və qətiyyəti alqışlayır, baş verən hadisələri qürurla izləyirəm.
Mən ürək və damar xəstəlikləri üzrə cərraham. Müharibə və sülh şəraitində Azərbaycan naminə üzərimə düşən, əlimdən gələn nə varsa etməyə hazıram. Bu səbəbdən mən də əsgəriniz olaraq əmrinizi gözləyirəm.
Vüqar Səvzəliyev, Sakaryadan:
- Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən əslən azərbaycanlıyam, hazırda Türkiyə Respublikasının vətəndaşı kimi Sakarya şəhərində yaşayıram. Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr təhsilim var. Elmi işlərimi davam etdirirəm.
Elmi işimin mövzusu beynəlxalq hüquqa görə Qarabağın statusu ilə bağlı olacacaqdır. Sizin Qarabağ mövzusundakı qətiyyətli siyasətinizi qürurla izləyirik. Bu günlərdə Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun yazdığı tarixə şahidlik edirik. Ailəm və buradakı bütün dostlarım Azərbaycan Ordusunun və Sizin bu müqəddəs savaşınızdakı addımları dəstəkləyir.
Azərbaycanın xaricdə yaşayan diaspor üzvləri olaraq Sizin Qarabağın azad edilməsi uğrunda göstərdiyiniz səyi təqdir edirik. Bu barədə mən də şeirlərimlə və qələmimlə Vətənimizə xidmət edirəm.
Zəfər Sizinlə olsun. Eşq olsun Azərbaycanın Ali Baş Komandanına və Ordusuna!
Fərrux Ağakişiyev Oğuzdan :
- Hörmətli Prezident, cənab Ali Baş Komandan.
83 yaşlı ahıl Azərbaycan vətəndaşı kimi Sizi səmimi qəlbdən salamlayır və Ulu Tanrıdan Sizə möhkəm cansağlığı arzulayıram. O gün olsun ki, Sizin apardığınız uğurlu siyasət nəticəsində erməni faşistləri üzərində şanlı Ordumuz tam qələbə çalsın, dövlətimizin üçrəngli möhtəşəm Bayrağı Laçında, Kəlbəcərdə, Şuşada, Xankəndidə və işğal olunmuş digər rayonlarımızda dalğalansın. Ordumuzun hər bir uğurlu əməliyyatı xalqımızı sevindirir və tam Qələbəmizə inamını artırır. Eşq olsun Azərbaycanın şanlı Ordusuna!
Erməni ordusunun başıboş komandanları anlaya bilmədi ki, bir ovuc işğalçı on milyonluq xalqın intiqam hissi ilə alovlanan əsgərlərinə qalib gələ bilməz. Onların dirənişi tülkünün filə qarşı savaşına bənzəyir.
Cənab Ali Baş Komandan, ilanı öldürmək azdır, gərək onun başını elə əzəsən ki, o bir daha sürünə də bilməsin. İndi elə vəziyyət yaranıb ki, biz gərək onların başını ilan başı kimi əzək. Onlar bir daha Qarabağ adı çəkə bilməsinlər, xülyalarında olan “Böyük Ermənistan“ arzusu ürəklərində buz parçası kimi donub qalsın.
Möhtərəm Prezident, Siz eyni zamanda üç düşmənlə - erməni faşistlər, COVID-19 və öz daxilimizdə olan düşmənlə, “Beşinci kolon”la vuruşursunuz. Xalqımız əmindir ki, bu savaşların hamısında qalib olacaqsınız. Bu qalibiyyətinizlə Sizin adınız tarixə qızıl hərflərlə düşəcək.
Cənab Prezident, Sizin xalqa müraciətinizi izlədim. Çox mənalı, qəti və kəsərli çıxış idi.
Allah Sizi qorusun! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!
Xaliq İbrahimov, Bakıdan yazır:
- Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız.
Xalqımız Sizinlə qürur duyur, fəxr edir. Sizə arxalanır və inanırıq. Bu çətin və həlledici zamanda Sizin ətrafınızda daha da sıx birləşmişik.
İnanırıq ki, Sizin səyləriniz nəticəsində illərdən bəri davam edən bu problemin öhdəsindən birlikdə və layiqincə gələcəyik. Sizə cansağlığı və tükənməz güc-qüvvət arzulayıram.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Ruhiyyə İmanova, Fizulidən:
- Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bu gün bu məktubu Sizə Füzuli rayon sakini, hərbçi ailəsi və təhsil işçisi olaraq ünvanlayıram. 27 il Vətən həsrəti ilə yaşayan bizlərə Qələbə sevincini yaşadan Ali Baş Komandanımız, biz Sizin siyasətinizi dəstəkləyirik. Məcburi köçkünlərə göstərdiyiniz qayğı və diqqətə görə, bu gün doğma torpaqlarımızn işğaldan azad olunmasına görə Sizə və Sizin döyüş əmrinizi yerinə yetirən güclü Ordumuza təşəkkür edirik. Hər zaman Sizin və müzəffər Ordumuzun arxasındayıq.
Bu gün Siz Ali Baş Komandan kimi öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz, mənfur düşmənimizi öz uzaqgörən siyasətinizlə bir daha məğlub etdiniz. Həm siyasi meydanda, həm döyüş meydanında “Qarabağ Azərbaycandır!” sözünü yazdınız.
Bu gün uşaqdan böyüyə hər bir Azərbaycan vətəndaşı Sizin ətrafınızda sıx birləşərək, bizi böyük Qələbəyə aparacağınıza, tez bir zamanda üçrəngli bayrağımızın Şuşada dalğalandırılacağına inanırlar.
Cənab Prezident, Füzuli rayon təhsil işçiləri, hərbçi ailələri, bütün Füzuli rayon sakinləri hər zaman Sizin göstərişlərinizə əməl etməyə, ehtiyac olarsa, ordu sıralarında xidmət etməyə hazırdır.
Xəlil Bağırov Ağdamdan yazır:
- Hörmətli Prezidentim.
Ağdam rayonunun ziyalısı kimi Sizə öz adımdan, ailəmiz adından təşəkkür edir və dərin minnətdarlığımı bildirirəm. Azad olunan hər bir qarış Vətən torpağı üçün ürəkdən sevinirəm. Bu sevincə görə Sizə və qüdrətli Ordumuza minnətdarıq.
Sizin xarici telekanallara müsahibələriniz zamanı verilən suallara ətraflı və əsaslı cavablarınız hər bir Azərbaycan vətəndaşının cavabıdır. Bu, şəxsən Sizin informasiya savaşında düşmən üzərində qələbənizdir. Buna görə də Sizə minnətdarlığımı bildirirəm.
Allah Sizi və Ordumuzu qorusun!
Eldar Hüseynli, Kəlbəcərdən:
- Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bu məktubu Sizə yazan iyirmi yeddi ildir torpaq, yurd həsrəti ilə yaşayan, bir gün belə o yerlərə qayıtmaq ümidini itirməyən, Kəlbəcər rayonundan olan səksən yaşlı məcburi köçkündür.
Cənab Prezident, Siz uzaqgörən və məqsədyönlü siyasətinizlə həmişə ölkəmiz və xalqımız üçün çox böyük işlər görmüsünüz. Biz qətiyyətlə inanmışıq ki, sayənizdə bir gün gələcək, hamımız öz doğma torpaqlarımıza, el-obamıza qayıdacağıq. Çox şükür ki, həmin gün gəlib çatıb. Gözəl və əsrarəngiz təbiəti, yeraltı və yerüstü zəngin təbii sərvətləri olan Kəlbəcərə tezliklə geri dönəcəyimiz günü səbirsizliklə gözləyirik.
Əziz Prezidentim, təbiətinin gözəlliyi ilə həmişə İsveçrəyə bənzədilən Kəlbəcər rayonunda, dünyaca məşhur müalicəvi suyu olan “İstisu”da Sizi və Birinci vitse-prezidentimiz Mehriban xanımı qonaq etmək biz kəlbəcərlilərin ən böyük arzusudur.
Sizə inanırıq, Sizə güvənirik.
Qələbə bizimdir, Qarabağ Azərbaycandır!
Allah Sizi bizə çox görməsin.