Prezident İlham Əliyevə ölkənin müxtəlif bölgələrindən minnətdarlıq məktubları gəlməkdə davam edir.
Lent.az dövlət başçısına ünvanlanmış həmin məktublardan birini - Ağcabədi şəhər sakini Məmmədov Vaqif Cahangir oğlunun məktubunu təqdim edir:
“Hörmətli cənab Prezident.
İlk öncə Sizə öz adımdan, ailəmin adından və bütün Ağcabədi camaatı adından təşəkkür edirəm. Rayonumuza göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün Ağcabədi inkişaf edir, abadlaşır, yeni iş yerləri, xidmət müəssisələri xalqın istifadəsinə verilir. Ağcabədidə “ASAN Həyat” kompleksinin tikilib istifadəyə verilməsi bizim üçün böyük xoşbəxtlikdir. Bu sahədə həm bir çox savadlı, gənc kadrlar işlə təmin olundu, həm də əhalinin işi asanlaşdı. Bizim ailəmiz üçün daha da sevindirici hal o oldu ki, oğlum Məmmədov Cahangir də bu kompleksdə işlə təmin olunub, xalqımıza xidmət edəcək. Bunun üçün Sizə nə qədər təşəkkür etsəm, azdır.
Möhtərəm cənab Prezident, xalqımızın rifahının yüksəldilməsi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram”.