Azərbaycan dövlətinin pandemiya ilə mübarizə çərçivəsində atdığı addımlar bütün dünyaya nümunə oldu. Virusa qarşı qabaqlayıcı tədbirlər, hərəkətin məhdudlaşdırılması və vaxtında xariclə əlaqələrin kəsilməsi xəstəliyin ölkəmizdə yayılmasının qarşısını aldı. Ölkədə koronavirusla mübarizə tədbirləri hazırda uğurla davam etdirilir. İyunun 9-da dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 3 modul tipli xəstəxananın açılışında iştirak etdi. Açılış zamanı prezident və xanımı bir sıra məqamlara toxunub, əhalini koronavirusa qarşı daha məsuliyyətli olmağa səsləyib.
Deputat Elman Nəsirov Lent.az-a belə çətin dönəmdə iqtisadi artımın qorunub saxlanılmasından danışıb:
“Prezident İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə koronavirus xəstələri üçün 3 yeni modul tipli xəstəxananın açılışı oldu. Bu zaman prezident olduqca əhəmiyyətli çıxış etdi. Təbii ki, bunların içərisində ən əhəmiyyətlisi vətəndaşların sağlamlığının qorunması üçün dövlətin bütün gücü səfərbər etməsi haqqında prezidentimizin çıxışıdır. Həyatımız birinci mövzudur və müzakirə predmeti deyil. Eyni zamanda, Azərbaycan vətəndaşının sosial rifahının düzəlməsi dövlətin qarşısında duran ən prioritet məsələlərdən biridir. Bu cür qəliz şəraitdə iqtisadi artımın qorunub saxlanılması strateji əhəmiyyətli məsələlər sırasındadır. Ancaq indiki dövrdə çox çətin məsələdir. Dünya iqtisadiyyatının da böhranla üz-üzə qalması reallıqdır. 4 ayın sosial-iqtisadi inkişaf yekunlarında göstərildi ki, ümumdaxili məhsullarda 0.2 faiz artım olsa da, mayın sonunda proqnozlar özünü doğrultdu. Belə ki, artıq 1.7 faiz enmə özünü göstərir. Bütün bunlara görə, İlham Əliyev həm milli, həm regional, həm də qlobal səviyyədə çox ciddi addımlar atıb”.
Həmsöhbətimiz əhali arasında həmrəylik və birliyin yüksək səviyyədə olduğunu, lakin təəssüf ki, bəzən məsuliyyətsizliyə yol verildiyini də vurğulayıb:
“Dünyada koronavirusun dərmanı tapılmasa da, bizim üç silahımız var və bundan maksimum faydalanmalıyıq. Birincisi, birliyimiz, ikincisi həmrəyliyimiz və üçüncüsü məsuliyyətli olmağımızdır. Bu sıralama şərti xarakter daşıyır, üçü də eyni dərəcədə əhəmiyyətlidir. Birlik və həmrəylik məsələsində hər şey yüksək səviyyədədir. Ancaq təəssüflə qeyd edirəm ki, bu əminliyi məsuliyyətlə bağlı demək çətindir. Prezidentin də dediyi kimi, bir nəfərin məsuliyyətsizliyi 100 nəfərin yoluxmasına şərait yaradır. Buna görə də hazırda həftəsonları tətbiq olunan sərt karantin rejimi yumşaldılmadan sonrakı yoluxma sayını azaltmaq üçündür. Təbii ki, yoluxma sayının üçrəqəmli olması acınacaqlı haldır. Bu da məsuliyyət məsələsindən irəli gəlir. Hökumət də belə olan halda həftəsonları sərt karantin rejimi tətbiq etdi və anoloji halın gələn həftə də davam edəcəyi gözlənilir. Məqsəd birdir, Azərbaycan vətəndaşının sağlamlığını qorumaq. Xəstəxananın açılışında Mehriban xanım həm vitse-prezident, həm də bir ana kimi birlik göstərmək və məsuliyyətli olmaq barədə çağırış etdi. İnanıram ki, bu sınaqdan şərəflə, üzüağ çıxacağıq”.