"İndi Azərbaycandakı "beşinci kolon" bunu icra etməkdədir" - Əli Hüseynli
06 aprel 2020 18:36 (UTC +04:00)

"İndi Azərbaycandakı "beşinci kolon" bunu icra etməkdədir" - Əli Hüseynli

"Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan qüvvələrə, “beşinci kolon” təmsilçilərinə vəziyyətdən istifadə edib hansısa təxribat törətməyə imkan verməyəcək".

APA-nın məlumatına görə, "Milli Şura"nın Azərbaycan hakimiyyətinin koronovirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq olunan ciddi karantin rejimindən siyasi rəqiblərinə qarşı istifadə etməsi ilə bağlı iddialarını şərh edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib.

Ə. Hüseynlinin fikrincə, "Milli Şura”nın bəyanatı və bəyanatın məzmunu bir daha onu göstərir ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində özünü radikal müxalifət adlandıran bu qrupun fəaliyyəti ilə bağlı proqnozlarında tam haqlı olub: “Azərbaycan dövlətinin və Azərbaycan xalqının tamamilə bu qlobal pandemiyaya qarşı səfərbər olduğu, bütün cəmiyyətin bu həssas məsələdə birlik nümayiş etdirdiyi bir vaxtda belə bir bəyanatın qəbulu, belə bir davranış yalnız təxribat kimi qiymətləndirilə bilər. Hesab edirik ki, Azərbaycan ictimai fikri də məsələni məhz bu cür dəyərləndirir. Əgər xatırlayırsınızsa, biz bir müddət əvvəl bəzi beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən qərəzli və qeyri-obyektiv bəyanatlarda bunun cücərtilərini gördük. İndi Azərbaycandakı "beşinci kolon" bunu icra etməkdədir".

Birinci vitse-spiker “Milli Şura”nın bir sıra şəxslərin məhz bu dövrdə həbs olunması ilə bağlı iddialarına da münasibət bildirib: "Onların səsləndirdikləri bu fikirlər təəccüb və ikrah hissi yaradır. Bilirsiniz ki, koronovirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə inzibati və cinayət qanunvericiliyimizə də dəyişiklik olundu. Bütün Azərbaycan vətəndaşlarına vaxtında və operativ şəkildə bu dəyişikliklər haqqında məlumat verilib və ictimaiyyət bu məsələlər haqqında tam məlumatlıdır. Hamı bilir ki, biz hazırda tamamilə fərqli bir hüquqi rejimdə yaşayırıq. Bu dövr ərzində Azərbaycanda karantin rejimi qaydalarını pozmalarına görə 3 cinayət işi üzrə 5 nəfər haqqında həbs qəti-imkan tədbiri seçilib, 75 nəfər inzibati qaydada həbs edilib, 18767 nəfərə inzibati qaydada cərimə tətbiq edilib, 475 nəfərə isə xəbərdarlıq edilib. Onların sırasında iddia olunan bir neçə nəfərin olmasının siyasiləşdirilməsi qeyd etdiyimiz rəqəmlərin fonunda çox məntiqsiz görünür. Bu baxımdan müvafiq qurumlar tərəfindən həyata keçirilən hüquqi tədbirlərin siyasiləşdirilməsinin heç bir əsası yoxdur. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hüququn aliliyi tam təmin olunur. Əgər kiminsə əməllərində, fəaliyyətində qanun pozuntusu varsa, qanunsuzluğa yol verirsə, o da mütləq şəkildə qanun qarşısında cavab verməlidir.

Əlbəttə ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan qüvvələrə, “beşinci kolon” təmsilçilərinə vəziyyətdən istifadə edib hansısa təxribat törətməyə imkan verməyəcək. “Milli Şura"nın qəbul etdiyi bu bəyanat isə bir daha belə bir çətin dövrdə radikal ünsürlərin Azərbaycan xalqı ilə ayrı düşüncədə olmasından xəbər verir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346
avatar

Oxşar yazılar