"Ermənistan tərəfindən belə hərbi düşüncəsizlik..." - Nazir daha nələr dedi?
28 iyul 2020 13:57 (UTC +04:00)

"Ermənistan tərəfindən belə hərbi düşüncəsizlik..." - Nazir daha nələr dedi?

“Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü davam edir, təcavüz nəticəsində Azərbaycan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarını tərk etməyə məcbur olub, qaçqın və ya məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir”.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “Asiyada regional əməkdaşlığa pandemiyanın təsirlərindən istifadə” mövzusunda vebinarda çıxışı zamanı deyib.

XİN başçısı bildirib ki, bununla belə, Ermənistan bu qətnamələrə və beynəlxalq təşkilatların işğalına və təcavüzünə son qoyulmasını tələb edən sənədlərinə məhəl qoymamaqda davam edir.

 

“Bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün səfərbər olduğu bir vaxtda, Ermənistan gərginliyi artırmaq üçün təxribata və diversiyaya əl atır. 12 iyul 2020-ci ildə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan-Azərbaycan arasında dövlət sərhədi boyunca Tovuz rayonunda yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriyadan istifadə edərək atəşə tutub. Bu hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir general-mayoru daxil olmaqla 12 hərbi qulluqçusu və bir mülki şəxs həlak olub.

Ermənistan tərəfindən belə hərbi düşüncəsizlik, sülh danışıqlarını pozmaq və Azərbaycana qarşı işğal və təcavüzü davam etdirmək məqsədi daşıyır. Bununla, Ermənistan rəhbərliyi səriştəsiz fəaliyyəti nəticəsində və COVID-19 pandemiyasının Ermənistanda yayılması ilə əlaqədar daha da pisləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirməklə diqqəti ölkənin daxili problemlərindən yayındırmaq məqsədi güdür.

Təxribatla bağlı beynəlxalq reaksiya da həddən artıq çox olub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatlar bəyanatlar yaydılar, Qoşulmama Hərəkatının Koordinasiya Bürosu isə onun 120 üzv dövlətinin dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin hücumunu sərt şəkildə pisləyən bir kommünike qəbul etdi. Qardaş Türkiyəyə bu ehtiyac vaxtında qətiyyətli həmrəylik nümayiş etdirdiyinə görə dərin təşəkkürümüzü bildirmək istərdik”, - deyə nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4789
avatar

Oxşar yazılar