“Ermənistanın hərbi-siyasi rəhbərliyi yeni ərazilərin ələ keçirilməsi ilə bağlı absurd iddialar irəli sürürdü”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
H. Hacıyev bildirib ki, bu kimi addımlar təbii ki, sülh danışıqlarının və münaqişənin dinc yolla həll olunmasının üzərindən xətt çəkirdi: “Reallıq bir daha göstərir ki, Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox. Çünki Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı məqsədyönlü raket hücumları həyata keçirir. Məhz buna görə də Azərbaycan əhalisi təhlükə qarşısındadır. Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan rəhbərliyi müvəqqəti humanitar addımlarla bağlı atəşkəsə sadiqdir. Lakin Ermənistan tərəfinin davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin, dinc sakinlərimizin təhlükəsizliyini təmin edək. Təkcə dünən gün ərzində Azərbaycanın 5 rayonu 229 mərmiyə hədəf olub.
Ermənistanın davam edən hərbi hücumları nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24000-ə yaxın mərmi atılıb, 1046 ev dağılıb, 1063 ev zərər çəkib, bir sıra digər mülki obyektlər də dağıdılıb”.