“Dövlət güclü olacaqsa, hər birimiz güclü olacağıq” – Emin Həsənli  
15 aprel 2020 12:15 (UTC +04:00)

“Dövlət güclü olacaqsa, hər birimiz güclü olacağıq” – Emin Həsənli  

 

“Azərbaycanda koronavirusla əlaqədar son bir ayda çox ciddi işlər görülür. Atılan hər bir addım cəmiyyət tərəfindən dəstəklənir. Amma bununla belə ölkə daxilində cərəyan edən proseslərdən istifadə edib, insanları səhv istiqamətə yönləndirməyə çalışan qüvvələr də var”. 

Bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib: “Bilirsiniz ki, bu virusdan bütün dünya ölkələri əziyyət çəkir. Çox ciddi bir bəladır. İnsan həyatının nə qədər qiymətli olduğunu koronavirus bir daha göstərdi. Dünyanın iqtisadi, siyasi sistemlərinə də bu virus ciddi təsir edir. Böyük dövlətlər iqtisadi cəhətdən ciddi sarsıntılar yaşayırlar. Düşünürəm ki, bəzi sahələr üzrə dəyən ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq. Azərbaycan ən yaxşı mübarizə aparan dövlətlərdən biri oldu. Mərhələ-mərhələ, şəraitə uyğun qərarlar qəbul olundu. Baş nazirin rəhbərliyi ilə Operativ Qərargah çox gözəl işlər gördü. Cənab Prezidentin verdiyi fərman və sərəncamlar icra olunur. İlk vaxtlar saat 21:00-dan sonra iş yerləri bağlanırdı. Orta məktəblər və universitetlər də bağlandı. Ayın 5-dən etibarən insanlar SMS vasitəsilə icazə şəklində evdən çıxırlar. KİV-də vaxtaşırı məlumatlar verilir. Bütün istiqamətlərdə çox gözəl fəaliyyət ortaya qoyulub. İnsanlara yardımlar edilməkdədir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da 65 yaşdan yuxarı insanların evdən bayıra çıxmalarına qadağa qoyulub. Eləcə də, yaşı 65-dən yuxarı olan şəhid ailələri, qazilər və tənha vətəndaşlara yardımlar edilib. Xarici ölkələrdə təhsil alan və müxtəlif ölkələrdə səfərlərdə olan vətəndaşların ölkəmizə qayıtmaları üçün dövlət tərəfindən xüsusi aviareyslər təşkil olundu. Bütün sahələr üzrə sistemli işlər aparılır. Orduda əsgərlərlə valideynlərin görüşünə qadağa qoyulub. Bu, çox doğru qərar oldu. Çağırış bir ay müddətinə uzadılıb. Bütün məsələlərlə bağlı strukturlarımız çox yaxşı planlar hazırlayıb həyata keçirirlər. Çağırışın uzadılması çox düzgün qərar idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz işini çox yüksək səviyyədə yerinə yetirir”.

E.Həsənli ölkə Prezidenti tərəfindən 4 işçi qrupu yaradılmasına diqqət çəkib: "Həmin İşçi Qruplar yaradılıb ki, bu vəziyyətdən əziyyət çəkən insanların minimum ehtiyacları ödənilsin. Azərbaycan dövləti üçün ən əsas məsələ vətəndaşlarımızın sağlamlığıdır. İqtisadi vəziyyətimiz də dövlətimiz üçün sonrakı məsələdir. Azərbaycan prezidenti tərəfindən koronavirusla mübarizə ilə əlaqədar Dəstək Fondu yaradılıb. Vətəndaşlarımız, dövlət orqanları bu fonda xeyli vəsait köçürüblər. Bu məsələdə də həmrəylik nümayiş etdirildi ki, bu çox vacib idi. Heydər Əliyev Fondu və Regionların İnkişaf İctimai Birliyinin də burada gördüyü işləri xüsusi vurğulamaq lazımdır. Cənab prezidentin tapşırığı ilə dövlət işlərində çalışan 910 min nəfər, eləcə də özəl sektorda çalışan 710 min nəfər vətəndaşımız iş yerləri saxlamaqla və əmək haqları ödənməklə məzuniyyətə göndərilib.  Vətəndaşlarımıza minimum ehtiyaclarını qarşılamaq üçün vəsaitlər ayrıldı. Sahibkarlara və ən çox zərər görən iş adamlarına dəstək üçün maliyyə yardımı edilir. Təəssüflər olsun ki, bu məsələdə də Azərbaycan dövlətini istəməyən bəzi qüvvələr qrup mənafeyindən çıxış etdilər. Biz bu virusu müharibə dövrü ilə müqayisə edirik. Müharibənin qanunları var ki, buna uyğun hərəkət etmək lazımdır. Virus nə müxalifət, nə də iqtidar tanıyır. Necə ki, vaxtı ilə erməni virusu gələndə heç nəyə fərq qoyulmurdu, rayonlarımız işğal olunanda insanlarımız fərq qoyulmadan öldürülürdü. Soyqırım siyasəti həyata keçirirdi.

Bu baxımdan deyirəm ki, virusa qarşı birgə mübarizə aparmaq lazımdır. Yoxsa məmurlarımızın bəzi fikirlərini kontekstdən çıxarıb, onu sosial şəbəkələrdə paylaşıb, dövlətimizə qarşı gözdənsalma kampaniyası aparmaq nə deməkdir? Bu bir sınaqdır. Səhəri gün müharibə başlasa necə? Bu cür mövqelərini davam etdirəcəklər? Virusun özü bir müharibədir. Amma onu da deyim ki, öz üzvlərini maarifləndirən partiya sədrlərimiz də oldu. Onlar həmrəylik nümayiş etdirib, evdə qalmağın vacibliyini bəyan etdilər. Kənd təsərrüfatında əkin sahəsi olanlara pul ayrılması ilə bağlı məsələləri qaldıranlar niyə demir ki, dövlətimiz 15 ildən çoxdur torpaq sahəsi olan insanlara həm əkin üçün, həm də toxum üçün pul ayırır. Torpaqlardan vergi almayıb, güzəştli kreditlər verilib. Kənd təsərrüfatının inkişaf etməsi üçün dövlət saysız-hesabsız layihələr həyata keçirib, maliyyə vəsaitləri ayırıb. İndi fikir yaradılır ki, kəndlərdə torpağı olan insanlara pul verilmir. Sual olunur, ötən il virus yox idi, bu insanlar necə dolanırdılar? Torpaq sahələrinin becərilməsi üçün dövlətimiz nə qədər proqramlar həyata keçirib. Son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində minlərlə ailənin hər birinə 5-10 min manatlıq inək və qoyunlar alınaraq verilib. Onlara kiçik sahibkarlıq fəaliyyəti üçün respublikanın bütün şəhər və rayonlarında hər cür şərait yaradılıb. Bu gün işsizliyə görə verilən yardım ona görə verilmir ki, kimsə özünə getsin müxtəlif əşyalar alsın. Bu, minimum ehtiyacları qarşılamaq üçün ayrılır. Dövlət də bizimdir. Onu hər birimiz düşünməliyik. Virus onu göstərdi ki, dünyada hər kəs öz dövlətindən umur. Hansısa bir ölkə gəlib vətəndaşlarımıza qayğı göstərmir, yardım etmir. Bütün bunlar onu göstərdi ki, hər birimiz dövlətimizin güclü olması üçün çalışmalıyıq. Dövlət əgər güclü olacaqsa, ayrı-ayrılıqda hər birimiz güclü olacağıq. Son iki ildə iki dəfə minimum əməkhaqqı qaldırılıb. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin müavinətləri artırılıb. Veteranlara Prezident təqaüdü təsis edilib. Əmək haqları və pensiyalar artırılıb. Bunlar Azərbaycan dövlətinin nə qədər sosialyönümlü siyasət apardığının sübutudur. Ötən il 930 nəfər Qarabağ müharibəsi əlilinə və şəhid ailələrinə mənzillər verilib. 600 nəfər müharibə əlili avtomobillə təmin edilib. 5000 məcburi köçkün ailəsinə mənzil verilib. Hərbçilərə yeni mənzillərin orderi təqdim edilib. Bu il də proses davam edir.

Müasir xəstəxanalar tikilməsəydi, müasir çarpayılar qoyulmasaydı, insanlarımız harada müalicə alacaqdılar? Hansı dövlət vətəndaşlarımızı müalicə edəcəkdi? Son zamanlarda 6 xəstəxananın tikilməsi barədə sərəncam verilib. Allah eləməsin, əgər bu proses uzun çəksə, evdə oturan vətəndaşlarımıza hər ay bu pullar veriləcək. Dövlətin büdcəsini birdən-birə boşaltmaq nə dərəcədə düzdür? Həkimlərin, polislərin fədakarlığını unutmaq olmaz. Aidiyyatı dövlət qurumlarımız üzərlərinə düşən işi artıqlaması ilə görürlər. Amma bununla belə problemlərimiz yenə də var. Burada vətəndaşlarımızın yaratdığı problemlər də az deyil. Bəzi sahibkarlarımız və işsiz vətəndaşlarımız ölkə başçısının dəfələrlə müraciətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İqtisadiyyat Nazirliyinin xəbərdarlığına baxmayaraq, təəssüflər olsun ki, qeydiyyata durmayıblar. Əgər onlar qeydiyyatdan keçsəydilər, bu gün proses çox rahatlıqla həyata keçirilərdi. Bu proseslər onu göstərdi ki, vətəndaşlarımız qeydiyyatda durmalıdırlar ki, səhəri gün hazırda yaşadığımız virus tipində vəziyyət yaransa, problemlər rahat şəkildə həyata keçirilsin. Dövlətin gördüyü işləri gözdən salmaq, ayrı-ayrı nazirlərin fəaliyyətini şübhə altına salmaq cəhdləri yolverilməzdir. Məsələn, sosial şəbəkələrdə bəzi şəxslər haqsız olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə qarşı qarayaxma kampaniyası aparılar. Mən özüm şahidəm ki, Qarabağ əlilləri, şəhid ailələri, müharibə veteranları, 20 yanvar şəhidlərinin ailələri və əlilləri, Çernobıl faciəsinin iştirakçıları, Əfqanıstan müharibəsini iştirakçıları, Xocalıda hər iki valideynini itirmiş 25 nəfər soyqırım qurbanlarının, aprel döyüşlərinin iştirakçıları və şəhid ailələri ilə müntəzəm olaraq görüşlər keçirib. Onlara xüsusi diqqət, qayğı göstərib.

Onların problemlərinin həll edilməsi üçün təkliflər hazırlanıb. Son illər sosial sahədə xeyli işlər görülüb. Cənab Prezidentin təşəbbüsü və tapşırığı ilə DOST xidməti yaradılıb. Özünüməşğulluq proqramı sahəsində hər il 5 min nəfər, ödənişli ictimai işlərin yaradılması üçün cari ilin aprel-may aylarında bu istiqamətdə 50 min nəfər üçün iş yerləri yaradılacağı nəzərdə tutulur, 78 722 ailənin hər biri 222 manatdan ünvanlı sosial yardım alırlar. 15 min nəfər tənha qocalara xidmət göstərilir. Şəffaflığın artırılmağı istiqamətində də xeyli işlər görülübdür. Cənab Prezidentin uğurlu kadr siyasəti xalqımız tərəfindən dəstəklənir. Ölkə başçısının və xalqın etimadını doğruldan məmurları, dövlətimizi istəməyən antimilli qüvvələr gözdən salmağa uğursuz cəhdlər edirlər. Onlara qarşı sosial şəbəkələrdə mənəvi terror həyata keçirilir. Biz bu cür mənəviyyatsız, antimilli qüvvələrin çirkin siyasətlərini həyata keçirmələrinə heç bir zaman imkan verməyəcəyik. Xalqa, dövlətə və vətənə şərəflə xidmət edən hər bir insanı biz qorumalıyıq. Dünyanın öndə gedən dövlətlərində olan xəstələrin sayı ilə Azərbaycanı müqayisə edin. Onda reallığı hər kəs görəcək. Vətəndaşlarımıza səslənirəm, bu müharibədir və bu müharibənin də öz qanunları var. Bunun yeganə həlli yolu sosial izolyasiyadır. Müharibədə bir güllədən şəhid olma, qazi kimi ən yüksək mərtəbəyə ucalıma var. Amma bu virusdan heç nədən ölmə var. Ölmək bir tərəfə dursun, sən məsuliyyətsizlik ucbatından yaxınlarını, ailə üzvlərini yoluxdura bilərsən. Nəticədə özün sağala da bilərsən, amma yaxınlarından, ailə üzvlərindən kimsə həyatını itirər”.

Emin Həsənli ölkə vətəndaşlarının qoyulan tələblərə əməl etdiklərini də diqqətə çatdırıb: “Onu da bildirim ki, dünyada virusla ən yaxşı davrananlardan biri də bizim vətəndaşlar oldu. Əksəriyyət qaydalara tam əməl edir. Çox kiçik qisim qanun pozuntularına yol verirlər. Qələbə üçün əsas yol həmrəylikdir. Bu cür məsələlərdə həmrəy olmaq lazımdır. Hadisələr bitməli və ondan sonra hər tərəfli təhlillər aparılmalıdır. Təəssüf edirəm ki, ölkəmizdə vətəndaşları başqa istiqamətlərə yönləndirmək istəyən siyasi partiyalar, ayrı-ayrı qurumlar, insanlar var. Onları da təhlil etmək lazımdır. Böyük dövlətlərdə ayrılan məbləğləri təhlil edirlər, amma həmin ölkələrin əhalisinin nə qədər olduğunu, ordakı iş adamlarına dəyən ziyanı dilə belə gətirmirlər. Onsuz da vətəndaşlarımız evdə qalmaqla psixoloji gərginlik yaşayırlar. Bundan istifadə etmək olmaz”.

E.Həsənli proseslərin hələ bir müddət də davam edəcəyini düşünür: “Aprelin 20-dən sonra proses davam edəcək, may ayından yumşalmalar olacaq. Şükürlər olsun ki, yoluxma azalmağa doğru gedir. Elə etmək lazımdır ki, proses nəzarətdən çıxmasın. Düşünürəm ki, karantin müddəti aradan qalxsa belə, proseslər yumşalmalarla davam edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1334
avatar

Oxşar yazılar