Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub ünvanlayıb.
Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Məktubda deyilir: “Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuş, onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.
Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimə dəstəyin ifadəsi olub, Azərbaycan ilə Rusiya arasındakı hərtərəfli dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir”.
Əli Əhmədovun məktubunda Milonovun “Vahid Rusiya” partiyasının üzvü olması vurğulanaraq qeyd edilir ki, onun bu addımı indiyədək ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi təəssüf hissi ilə qarşılanır.
YAP sədrinin müavininin məktubunda daha sonra qeyd olunur: “Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz addımı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən Rusiya Federasiyasının illər ərzində apardığı fəaliyyətlə ziddiyyət təşkil edir.
Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının nəticəsində başlayan döyüşlərin getdiyi bir vaxtda işğalçıya rəğbət ifadə edən səfərdə iştirak etmək Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə qarşı çıxmaq deməkdir.
Gələcəkdə Rusiyanın rəsmi şəxsləri tərəfindən bu cür qanunsuz və təxribatçı fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görüləcəyinə ümid edirik”.