“Dinlərarası dialoqdan danışarkən təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməli, eyni zamanda münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik”.
APA-nın məlumatına görə, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu nümunələrdən biri uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqda yaşayıb, yaradıb. Qədim xəritələrdə, eyni zamanda çar Rusiyasının 20-ci əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olub. Sadəcə, 19-cu əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülüblər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğrayıb. Bolşevik inqilabından sonra respublikalar arasına çəkilən xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır. Çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi barədə qərar qəbul edilib. Halbuki bu, belə deyil, tarixi sənədlər bunu göstərir. Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bu, eyni zamanda tarixi və siyasi məqamları əks etdirir. Ancaq Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağ və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı aqressiyaya başlayıb. Hərbi aqressiya nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşüb. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilib. Bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”.
Prezident İlham Əliyev qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib: “Bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var. Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”.
Dövlət başçısı nəzərə çatdırıb ki, Dağlıq Qarabağdan, Ermənistandan və Dağlıq Qarabağı əhatə edən ətraf rayonlardan 1 milyon azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşüb: “O vaxt Azərbaycan əhalisi 8 milyon nəfər idi. Təsəvvür edin ki, nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir”.