"Çox təəssüf ki, Gəncə şəhəri son günlərdə erməni terrorçularının hücumuna məruz qalıb. Gəncəyə edilən bu hücumlar ermənilərin mənfur xislətini, insani hisslərdən tamilə məhrum olduqlarını göstərir. Bu, həm də ağır hərbi cinayətdir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu xain hücumun əvəzini döyüş meydanında çıxır: “Azərbaycan əsgəri qadına, uşağa, qocaya əl qaldırmır, bundan sonra da qaldırmayacaq. Gəncə hadisələrini törədən Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Onlar bu xain hərəkətlərinin ağır nəticələrini görürlər və görəcəklər. Onlar Azərbaycan xalqının və Ordusunun ən ağır cəzasını alacaqlar.
Güman edirəm ki, Azərbaycan hökuməti bu hərəkəti törədənlərin, xüsusilə də əmri verən Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquq normaları əsasında cavab vermələri üçün əlindən gələni edəcək. Bizim üçün ən böyük itki həlak olan insanlardır. Onları geri qaytarmaq mümkün deyil. Azərbaycan həkimləri qısa zamanda yaralıları həyata qaytaracaqlar. Hesab edirəm ki, bu günlərdə Gəncə şəhəri və gəncəlilər böyük dəyanət nümayiş etdirdilər. Düşmənin niyyəti azərbaycanlıları qorxutmaq, vahimələndirmək idi, lakin onlar buna nail olmadılar. Gəncəlilərin timsalında Azərbaycan xalqının nə qədər qəhrəman xalq olduğu aydın oldu. Azərbaycanın zəfər yürüşünün qarşısını alacaq ikinci bir qüvvə yoxdur”.