“Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiya tullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində deyib.
“Əvvələn, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var. Bu gün Azərbaycan Ordusu bizim əraziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik. Qoy, sübutlar təqdim etsinlər. Bu gün fəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib”, - Azərbaycan Prezidenti əlavə edib.