Bizim mübarizəmiz erməni xalqı ilə deyil. Mən bunu artıq bir neçə dəfə açıqlamışam. Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib".
APA xəbər verir ki, Prezident İlham Əliyev bunu CNN-Türk televiziyasına müsahibəsində aparıcının “Ermənistanın mülki yaşayış məntəqələrini atəşə tutmağa davam edəcəyi təqdirdə hazırkı mövqeyinizdə bir dəyişiklik olacaqmı?” sualına cavabında söyləyib.
“Mən artıq bu günlərdə də demişəm, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Azərbaycanda minlərlə erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. O cümlədən bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Hərbi hədəfləri məhv etmək üçün bizim tam hüququmuz var. Çünki bu hərbi obyektlər bizim ordumuza, şəhərlərimizə böyük ziyan vurub. Ona görə bizim borcumuzdur ki, onları məhv edib əhalimizin təhlükəsiz həyatını təmin edək”, - deyə dövlətimizin başçısı bildirib.