Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə “Bəşəri cinayət - Xocalı soyqırımı 28-ci ilində” adlı konfrans keçirilib.
Lent.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, tədbir İstanbul Universitetinin Fərabi Araşdırmalar Mərkəzində təşkil olunub.
Konfransda iştirak edən azərbaycanlı jurnalist Seyfəddin Hüseynli Xocalı soyqırımının Azərbaycan tarixinin en faciəli, qara səhifələrindən biri olduğunu vurğulayıb.
“Biz şəhid olmadıq, amma çox acı hadisələrə şahid olduq. Müharibənin bütün dəhşətləri gözlərimizin önündə yaşandı. O yaşananları nəsillərə anlatmaq da bizim üzərimizə düşən vəzifədir” – Hüseynli bildirib.
Azərbaycanın tanınmış hərbi eksperti, politoloq Emin Həsənli isə 1813-cü ildən bu yana Azərbaycanın başına gətirilən faciələr, ermənilərin torpaq iddiaları və işğal siyasəti barədə danışıb. O, Xocalı soyqırımını “dünyanın ən böyük cinayəti” adlandırıb. “Biz Xocalıya mütləq qayıdacağıq. Qarabağa mütləq qayıdacağıq. Azərbaycan insanının buna inamı böyükdür” – Həsənli deyib.
Konfransda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ qazisi Vahid Quliyev də çıxış edib. O, Qarabağ müharibəsi illərində qarşılaşdığı hadisələr, erməni qəddarlığı barəsində tədbir iştirakçılarına məlumat verib.