"Biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq” - Prezident
14 aprel 2020 23:59 (UTC +04:00)

"Biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq” - Prezident

“Əlbəttə, bizim iqtisadi və sosial planlarımız yerindədir. Koronavirus planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz. Əlbəttə ki, indi bizim bütün səylərimiz koronavirusla mübarizəyə yönəldilib. Bu da təbiidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, məhz bu məqsədlə onun Sərəncamı ilə Baş Nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb: “Qərargah çox səmərəli işləyir, 24 saat çalışır. Demək olar ki, mən də 24 saat əlaqədəyəm. Gün ərzində bəlkə də 5-6 dəfə zəngləşirik, danışırıq. Deyə bilərəm ki, əgər vaxtında bu addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün biz daha da böyük problemlərlə üzləşə bilərdik. Biz özümüzü bu günə qədər demək olar ki, çox böyük problemlərdən qoruya bildik. Son iki günün dinamikası, yəni, xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır. Amma mən hələ ki vaxtı qabaqlamaq istəmirəm, hələ ki təhlil aparılır. Bildiyiniz kimi, karantin rejimi ayın 20-nə qədər qüvvədədir. Növbəti həftə ərzində həm Operativ Qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox, qalacaqsa hansı formada qalacaq. Biz yumşalmaya nə vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək. Bir daha demək istəyirəm ki, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır. İqtisadiyyat bərpa olunar. Biz indi fəal işləyirik və işləyəcəyik ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq”.

 

Prezident bildirib ki, koronavirusla bağlı addımlar ardıcıllıqla atılır: “Bizdə indi 20-dən çox xəstəxanada xəstələr müalicə alır. Eyni zamanda, 4-5 ulduzlu otellərdə, o cümlədən Atletlər kəndində karantində olan vətəndaşlar yerləşdirilib. Biz artıq 70 mindən çox test keçirmişik və keçirilən testlərin sayına görə dünya miqyasında 30-cu yerlərdəyik. Həkimlərə diqqət göstərilir, onların maaşları 3, 4, 5 dəfə artırılıbdır. Biz maska istehsalına başlamışıq və bir müəssisə artıq fəaliyyətə başlayıb. Mənə verilən məlumata görə, digər müəssisə də fəaliyyətə başlayır. Bu da çox müsbət haldır. Əlavə 10 modul tipli xəstəxananın tikintisi artıq başlamışdır. Onlardan altısı dövlət, dördü isə özəl sektor tərəfindən inşa ediləcək. Bizim ən müasir xəstəxanamız – “Yeni klinika”, keçən ayın sonunda istifadəyə verildi. Bu 575 çarpayılıq ən müasir klinikamız koronavirus xəstələrinin sərəncamına verildi. Mən klinikanın açılışında qeyd etmişdim ki, biz bu xəstəliyə görə bu klinikanı vaxtından bir qədər əvvəl istifadəyə verdik və o tədricən fəaliyyətə başlayır. Son məlumata görə, artıq bu klinikada 100 koronavirus xəstəsi müalicə alır. Deməli orada çarpayıların istifadəyə verilməsi prosesi davam edir və bütün imkanlar maksimum səfərbər olunubdur.

Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır.

Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043
avatar

Oxşar yazılar