“Bizdə S-300 hava hücumuna qarşı qurğular var, biz onları Rusiyadan almışıq. Rusiyadan bir çox silahlar almışıq. Burada heç bir məhdudiyyət yoxdur. Yalnız fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəklində alır. Amma o kredit kağız üzərində qalır, qaytarılmır”.
APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə CNN-Türk televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan çözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər. Yəni, fərq bundadır. Ancaq bizim imkanımız var ki, Rusiyadan silahlar alaq. Biz başqa ölkələrdən də silahlar alırıq. Bu məsələ ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur”.
Prezident qeyd edib ki, indi silah bazarı daha çox şaxələnib, coğrafiyası genişlənib. Bu gün Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və gələcəkdə bizim Türkiyə silahları ilə təchizatımız daha da yüksək səviyyəyə qalxacaq.