“Azərbaycanda yaşayan bir çox xristian da cəbhəyə könüllü gedib”.
APA-nın məlumatına görə, bunu bu gün Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.
Aleksandr Ata deyib ki, xristianlar arasında şəhidlər də var: “Bu yaxınlarda onlardan biri şəhid olmuşdu, dəfn mərasimində iştirak etdim. İcmamız tərəfindən hərbçilərə kömək üçün yardımlar, dərmanlar, ərzaq da toplanıb. Hamı qısa zamanda qələbə istəyir”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə qeyd edib ki, Azərbaycan millətlə deyil, işğalçılarla vuruşur: “Biz soruşmuruq ki, onlar hansı dinə mənsub, onlar bizim torpağımızı zəbt edənlər işğalçılardır. Ermənistan istəyir ki, dünya ictimaiyyətini öz tərəflərinə çəksinlər. Əvvəllər bunu ediblər, bu dəfə bunu bacarmayacaqlar. Mən Prezident İlham Əliyevi orta məktəbdə oxuyandan tanıyıram. Son dövrlər onu bir daha kəşf etdim. Biz bu cür dövlət başçımızla fəxr edirik”.