Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təkcə Azərbaycandan yox, xarici ölkələrdən də məktublar gəlməkdə davam edir. Lent.az həmin məktublardan bəzilərini təqdim edir.
Türkiyə qazilərindən, Ankara:
Möhtərəm cənab Prezident.
Biz Türkiyə üçün hər zaman xainlərə, sepatçı qüvvələrə qarşı mübarizə aparan qazilərik.
Bu məktubu yazdığımız vaxtda Sizin, Azərbaycan dövlətinin şanlı ordusunun və xalqınızın tarixin ən böyük qəhrəmanlıq dastanlarından birini yazdığınızı görürük. Bu qəhrəmanlıq eposunun yazilmasında hər zamanında Sizinlə olduğumuzu bildiririk.
Azərbaycan tək deyil, Türk dövləti və milləti həmişə olduğu kimi yenə də Azərbaycanın yanındadır. Biz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hədəf alan hər cür cəhd və təxribatına qarşıyıq. Qarabağın işğalının sona çatması üçün Vətən müharibəsini və Azərbaycanın milli mübarizəsini bütün gücümüzlə dəstəklədiyimizi bəyan edirik.
Böyük türk milləti, o cümlədən biz qazilər Sizin rəhbərliyinizlə işğalçı Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin hər bir qələbəsini böyük sevinc və həvəslə qarşılayırıq.
Əminik ki, gələcək nəsil Türk Dünyasının ortaq coğrafiyasını, mədəni, mənəvi dəyərlərinin yaşadılmasını, ümumi tarixi və mədəni dəyərləri qoruyacaq.
Bir daha Vətən bildiyimiz Azərbaycanın haqq mübarizəsində yanınızda olmaq üçün hər an Azərbaycana gəlməyə hazır olduğumuzu bildirir, şəhid ailələrinə başsağlığı diləyir, yaralı Azərbaycan qazilərinə şəfa diləyirik.
Tarix və Yaqut Verdiyevlər Moskvadan yazır:
Cənab Ali Baş Komandan, hörmətli İlham Heydər oğlu.
Moskvada yaşayan biz azərbaycanlılar Ordumuzun qələbələrinə sevinir, dinc insanlarımızın həlak olmasına çox kədərlənirik.
Cənab, Ali Baş Komandan, mən vaxtilə tank qoşunlarında xidmət etmişəm. Əmr etsəniz, istənilən vaxt Vətənimizə qayıdıb tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda döyüşməyə hazırıq.
Bizim işimiz haqq işidir!
Vətən hər şeydən ucadır!
Tatyana Laputskaya və Oruc Orucov Belarusdan yazır:
Cənab Prezidentimiz.
Belarusdan Orucovlar – Laputskilər ailəsi Sizi salamlayır. Sizin komandanlığınız altında Azərbaycan əsgərlərinin işğalçı erməni terrorçuları üzərində qazandığı qələbələrlə qürur duyuruq.
Qarabağ həmişə Azərbaycanın olub və əsrlər boyu da Azərbaycanın olacaq! Azərbaycandan gələn hər bir şad xəbəri uzaq Belorusda səbirsizliklə gözləyir, diqqətlə izləyirik. Haqq-ədalətin zəfərinə Sizinlə, Azərbaycan xalqı ilə birlikdə sevinirik.
Ordumuzun qələbələrinə görə Sizin sevinc və qürur hissiniz sanki televiziya ekranından bizlərə də sirayət edir.
Allah Sizə güc-qüvvət versin ki, Azərbaycan xalqının mənafeyi naminə müdrik siyasətinizi bundan sonra da davam etdirə biləsiniz.
Allah Sizi qorusun!
Fizuli Burcuyev Tümendən yazır:
Möhtərəm cənab Prezident.
Rusiya Federasiyasının Tümen vilayətinin çoxminlik Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımızı bildiririk və Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına tam dəstəyimizi ifadə edirik. Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün cəsarətlə mübarizə aparan şanlı Azərbaycan Ordusuna hərtərəfli dəstək verən bütün Azərbaycan xalqının ruh və güc birliyindən qürur və sevinc hissi keçiririk. Ölkədə müxtəlif sahələrdə Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar sayəsində Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası yüksək səviyyəyə çatdırılmışdır ki, Sizin Ali Baş Komandan kimi qarşınıza qoyduğunuz bütün vəzifələrin uğurla yerinə yetirilməsindən əminliklə danışmağa imkan verir. Biz, Tümen vilayətinin Azərbaycan diasporunun nümayəndələri olaraq, Azərbaycanın atəş altında olan kəndləri və şəhərlərinin mülki əhalisinin, eləcə də silahlı qüvvələrinin şəxsi heyəti ailələrinin ehtiyacları üçün dərman, qida, zəruri ehtiyaclar şəklində lazımi humanitar yardım göstərməyə mütləq hazır olduğumuzu bildiririk.
Ramiz Məmmədov, Tatarıstandan:
Hörmətli cənab Prezident.
Ali Baş Komandan olaraq Sizin qətiyyətli addımlarınız sayəsində Azərbaycanın hərb tarixinə yeni səhifələr yazılır. Məhz buna görə də, hazırda dünya azərbaycanlıları çox qürurlu anlar yaşayırlar. Bu sevinci və fərəhi bizlərə bəxş etdiyiniz üçün Tatarıstanda yaşayan soydaşlarımız adından Sizə minnətdarlığımızı bildiririk.
Bizlər hər zaman xalqımızla nəfəs alırıq, ürəyimiz Vətənlə döyünür. Sizin “Qarabağ Azərbaycandır!” şüarınızı rəhbər tutaraq, Qarabağ həqiqətlərini Tatarıstanda qürurla təbliğ edirik. Erməni terroçularına qarşı mübarizədə iştirak etməyə hər an hazır dayanmışıq və Ali Baş Komandan kimi Sizin əmrinizi gözləyirik.
Tanrı Sizi və xalqımızı qorusun!