Viruslar xərçəngi  necə müalicə edir? - ARAŞDIRMA
18 iyun 2025 12:48 (UTC +04:00)

Viruslar xərçəngi necə müalicə edir? - ARAŞDIRMA

Biz adətən virusları yalnız xəstəlik daşıyıcıları, pandemiyaların və bioloji fəlakətlərin səbəbi kimi qəbul edirik. Cəmiyyətin şüurunda viruslar "faydalı" probiotik bakteriyaların əksinə olaraq düşmən kimi görünür. Lakin elmdəki yeni araşdırmalar bu yanaşmanı dəyişməyə vadar edir. Viruslar yalnız parazit deyil, həm də sağlamlığın qorunması və xəstəliklərin müalicəsində müttəfiq ola bilərlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “müsbət viruslara” maraq hələ 2014-cü ildə yaranmağa başlayıb.

İnsanın viruslarla əlaqəsi dəridən və ya selikli qişalardan daha dərinə gedir. Genomumuzun təxminən 8%-i qədim virus infeksiyalarının qalıqlarından ibarətdir. Bu fraqmentlər milyon illər ərzində DNT-yə daxil olub və heç də faydasız deyil. Bəziləri plasentanın formalaşması və immun sistemin tənzimlənməsində mühüm rol oynayır. Əslində, biz yalnız insan deyil, həm də qədim virus tariximizin daşıyıcılarıyıq.

Bütün bunların fonunda viruslardan terapevtik məqsədlərlə də istifadə edilməsi təəccüblü deyil. 2015-ci ildə ABŞ-ın Qida və Dərman İdarəsi bir preparatı təsdiqlədi. Bu, herpes virusunun modifikasiya olunmuş formasıdır və aqressiv melanoma (dəri xərçəngi) müalicəsində istifadə olunur. Onun iş prinsipi sadə, lakin dahiyanədir: virus xərçəng hüceyrələrini yoluxdurur və məhv edir, eyni zamanda xəstənin immun sistemini aktivləşdirir. Bu yanaşma xərçəng müalicəsində yeni bir dövr açır.

Lakin bütün virus araşdırmaları birmənalı qarşılanmır. "Funksiyaların artırılması" - adlanan virusları potensial təhlükə və ya müalicə vasitəsi kimi öyrənmək üçün onların modifikasiyası ilə bağlı təcrübələr elmi və siyasi dairələrdə uzun illərdir ki, mübahisələrə səbəb olur. 2025-ci ilin may ayında ABŞ hökuməti belə layihələrin dövlət maliyyələşməsini dayandırmaq qərarına gəldi. Səbəb sızma riskləri və potensial bioterrorizm təhlükəsidir.

Qadağanın məqsədi gələcək pandemiyalardan qorunmaq olsa da, bəzi alimlər həddindən artıq tənzimləmənin virusların öyrənilməsində irəliləyişi ləngidəcəyindən və yeni müalicə üsullarının inkişafına mane olacağından narahatdırlar. Onların fikrincə, belə araşdırmalar olmadan bəşəriyyət növbəti təhlükələr qarşısında hazırlıqsız qala bilər.

Müasir elm artıq viruslara yalnız mütləq pislik kimi deyil, biosferanın mürəkkəb və çoxşaxəli elementi kimi baxmağa başlayır. Onlar immunitetin tənzimlənməsindən tutmuş xərçənglə mübarizəyə qədər bir çox sahədə əhəmiyyətli rol oynayırlar. Biz hələ onların təsirinin miqyasını tam dərk etməyə yeni başlayırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar