Məlahət Abbasova: “Ona görə atam məni son zəngə buraxmadı...” – SÖHBƏT
22 sentyabr 2012 13:03 (UTC +04:00)

Məlahət Abbasova: “Ona görə atam məni son zəngə buraxmadı...” – SÖHBƏT

Özü söyləməsəydi, onun davakar və dəcəl olduğunu düşünməzdim. Deyir ki, ağlı kəsəndən həmişə davakar olub. Dava elədiyi şəxslər əks cinsin nümayəndələri olub. Məktəb vaxtında gözəlliyi ilə digər sinif yoldaşlarından seçilirmiş. Buna görə də onu sevənlər, uşaq yaşlarında qapılarındakı elçi daşında oturanlar çox olub. Atasının olduqca sərt və ciddi biri olması bu qızcığazın həyatına təsirsiz ötüşməyib.
“Sən həmişə mənimləsən” tamaşasında hamımızın Nargilə kimi tanıdığımız, hazırda Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova “Məktəb illəri”ni Lent.az-a danışır.

Evdə yatırdım, çağırdılar ki, məktəbə gəlməlisən”

Birinci sinfə neçənci ildə getdiyimi deməyəcəyəm. O zaman yaşım ortaya çıxar, bilərsiniz. Amma deyim ki, çox utancaq bir qız idim. Bir gün evdə heç kim yox idi. Mən isə yatırdım. Dedilər ki, Məlahət birinci sinfə gedənləri məktəbə çağırırlar, sən də gəlməlisən. Tez qaça-qaça getmişdim. Atam və anamın işləri çox olduğu üçün onlar bizim əlimizdən tutub məktəbə aparmamışdılar. Həm də bizim yaşadığımız yer çox kiçik yer idi. Özümüz gedirdik məktəbə. Beləliklə, mən Sabunçu rayonu Pirşağı qəsəbəsi, 188-saylı məktəbə birinci sinfə getdim.

Davakar biri idim

İlk müəlliməm Münəvvər müəllimə olub. O, bizə 3 il dərs deyib. Həmin vaxtlar müəllimlər uşaqlara qarşı çox ciddi olub. Mənə elə gəlir ki, indi uşaqlar daha rahatdırlar. Müəllimin gəldiyini görəndə 50 metr aralıdan qaçırdıq. Mən utancaq olduğum qədər də davakar biri olmuşam. Həddən artıq çox davalarım olurdu. Əsasən, oğlanlarla dava edirdim. Bütün məktəb məni bu cür tanıyırdı.

Metroda bələdçi olmaq istəyirdim

Uşaqlıqdan ədəbiyyatı çox sevmişəm. Texniki fənlərlə heç vaxt aram olmayıb. O fənləri lazımsız hesab etmişəm. Uşaqlarla kimin daha çox kitab oxuması üzrə yarışırdıq. Mən həmişə yaşımdan böyük romanlar oxuyurdum, əlaçı idim. Uşaqlıqdan hiss edirdim ki, ədəbiyyata qarşı məndə güclü maraq və sevgi var. Amma mən metro bələdçisi olmaq istəyirdim. Çox maraqlıdır ki, mən gecə gündüz o işin xəyalı ilə yatıb-dururdum. Onların geyimini elə sevirdim ki. Mənim ən böyük arzum olub. Daha sonra geoloq olmaq istədim. Özümü həmişə torpaq, qədim tikililərin içində təsəvvür edirdim. Tarixi abidələrin araşdırılması, yeni-yeni tapıntılar etmək xəyalı qururdum. Anam istəyirdi mən həkim olum. Heç vaxt arzu etməmişəm həkimliyi. Çünki qandan, yaradan qorxurdum. Bir aralar bağça müəlliməsi olmaq istəyirdim.

Məktəbdə hamı məndən danışırdı

6-cı sinifdə artıq qərar verdim ki, aktrisa olacağam. Bu arzu məndə niyə yarandı? Görkəmli aktyorumuz Şahmar Ələkbərov anamın yaxın qohumu idi. “Yeddi oğul istərəm” filmi Fatmayidə çəkilmişdi. Bizim evə yaxın idi. Yeddi oğulun atla keçdiyi yer pəncərəmizdən görünürdü. Həmişə oturub baxırdım o yerə. Özümü çəkiliş meydançasında görərək, xəyallar qururdum. Fikirləşirdim ki, mən aktrisa olarsam, hər kəs məni tanıyacaq, sevəcək. İnsanlar mənimlə danışmaq arzusunda olacaqlar. Mən məktəbdə tədbirlərdə şeir söyləyərdim. Bir gün Nəriman Həsənzadə məktəbimizə gəlmişdi. Çəkiliş olmuşdu. Mən çıxış etdiyim anı televiziyada göstərmişdilər. Azərbaycan Televiziyasında “Günün ekranı” verilişində efirə getmişdi. Sabah məktəbə gedəndə hamı məndən danışırdı. Deyirdilər ki, səni televiziyada gördük. Vəssalam, mənim üçün hər şey dəyişdi. Həmin gün özümü dünyanın xoşbəxt insanı hesab edirdim. Sevincimdən bilmirdim nə edim. Yol boyu elə yeriyirdim ki, elə bil dünya mənimdir.

İstəyirdim həmişə məni tərifləsinlər

Məktəb vaxtı çox fəal olmuşam. Dərslərdən sonra təşkil edilən rəqs qruplarında, uşaq teatrlarında, şeir gecələrində çıxış edirdim. Getdikcə daha çox tanınmaq istəyirdim. Şöhrətpərəstliyim artmaqda idi. Həftə sonları qalıb sinfi təmizləyir, dibçək gülləri yetişdirərdik. Müəllim də gəlib deyirdi ki, afərin, Məlahət. Özümü buna görə çox xoşbəxt hiss edirdim. Məni təriflədikləri, seçildiyim üçün çox sevinirdim.

Dayımın cibindən oğurluq etmişdim

Çox da imkanlı olmayan bir ailədə böyümüşəm. Çətinliklərimiz də olurdu. 5 uşaq idik. Yaxşı yadımdadır. 3-cü sinifdə oxuyurdum. Məktəbdə 70 qəpikdən müəlliməyə gül almaq üçün pul yığırdılar. Mənim isə pulum yox idi. Dayımgilə getdim ki, ondan pul istəyim. Gördüm ki, dayım yatır. Mən ondan icazəsiz ciblərini yoxladım və 70 qəpiyini oğurladım.

Gicgahımdan elə tutdu ki...

Sinifdə etdiyim dəcəlliklərin sayı yox idi. Bir dəfə riyaziyyat dərsi idi. Sinif yoldaşım əli ilə dəftərinin qabağını tutdu ki, mən köçürməyim. Götürdüm kitabı başına vurdum. Biz dava etdi. O, başladı ağlamağa. Mən qızlarla deyil, oğlanlarla dalaşardım. İndi də oğlanlarla davam olur. Amma deyirəm ki, kaş ki, o vaxtı çox dava etməzdim. Bir də görürdünüz böyük-böyük qadınlarla dava edərdim. Mənə kimsə tərs bir şey söyləsə, dərhal ona cavab qaytarmalı idim. Bir dəfə isə məktəb rəhbərliyi tərəfindən ağladılmışam. Mən qışqırırdım məktəbdə. Müəllim yaxamdan tutub otağına apardı. Danlamağa başlayan kimi, mən də ağladım. Sonra o, özü sinfimizə gəlib başa salmışdı. Demişdi qız uşağısan, belə qışqırmaq olmaz. Bir dəfə isə dərs zamanı danışdığım üçün gicgahımdan tutmuşdu. Ağrı o qədər güclü oldu ki, elə bil başımdan tüstü çıxdı.

Əsl faciə idi...

Məktəb vaxtı ən pis günüm də yadımdadır. Münəvvər müəllimə təqaüdə çıxmışdı. Həmin gün mənim üçün əsl faciə idi. Çox ağlamışdım. Həmin vaxt ona üzüldüyüm qədər, başqa heç kimə belə halım yanmamışdı. O xanıma mən ana kimi baxırdım. Həmişə onların evinin yanından keçirdim. Qapılarının deşiyindən baxırdım ki, bəlkə onu görə bildim.

Oğlanı döydüyüm üçün atam məni danlamışdı

Rüblüyüm həmişə 5 olmalı idi. Həmin gün mənim üçün ayrıca bir bayram idi. Prinsipial uşaq olmuşam. Tez-tez bilik yarışlarına qatılırdım. Valideyn iclasında hər zaman təriflər eşidilirdi. Amma bir dəfə yenə oğlanla dava etmişdim. Atama şikayət etmişdilər. O, məni çox pis danlamışdı. Universitetə qəbul olana qədər həddindən artıq çox kitab oxumuşam. Nənəmgildə çoxlu kitablar var idi. Ona görə də hər gün onlara gedib, kitab oxuyardım. İndi öz oğlumla mənim onun yaşda olan dövrümü müqayisə edirəm. Görürəm ki, o heç kitab oxumur. Nə zaman ki, mənim imtahanım olacaqdı, bütün yatağım kitablarla dolu olardı, hər gün oxuyurdum. Yemək yeyən zaman da kitab əlimdən düşməzdi. Ona görə də imtahanları uğurla verirdim.

2 qəpiyi gec gətirdikləri üçün uşaqlara acıqlanırdım

Məktəbin komsomol katibi idim. Tez-tez iclaslar təşkil edirdim. İclaslarda mən oturub danışırdım. Kimə vəzifə verirdim, kimini çıxarırdım. Lazım olan pulu yığmayanda acıqlanırdım. Katib ola-ola özüm uşaqlardan pul toplayırdım. 2 qəpik yığırdım. Tam bir vəzifəm var idi. İdarəçiliyi, hakimiyyəti çox sevirdim. Şöhrətpərəst idim. Deyirdim, hər kəs mənə əlçatmaz kimi baxsın. İnadkar bir olmuşam. Beynimə nə qoymuşamsa, onu etmişəm. Sinfimizdə bir qız var idi. Riyaziyyatdan yaxşı oxuyurdu. Onu çox qısqanırdım. Deyirdim əgər o 5 alırsa, mən də almalıyam.

Atam çox pis cəzalandırırdı

Atam dərslərimizə çox ciddi yanaşdığı üçün aşağı qiymətlərim olmurdu. Hətta onun məni dərsə görə döydüyü vaxtlar da olub. Dərslərimizdə otururdu, ciddi nəzarət edirdi. Bir dəfə müəllimə atama şikayət etdi ki. Riyaziyyatdan zəif çalışıram. Dekabrın 31-dən yanvarın 12-dək tətil idi. Hamı istirahət edirdi. Məni isə bir saat da dərsdən ayrılmağa qoymadı. Bütün günü oturub riyaziyyat fənnindən çalışdım. Son zəng günümü də şirin xatirə kimi xatırlayıram. Həmin gün çox ağlamışdım. Həm uşaqlardan ayrıldığım üçün, həm də atam son zəng şənliyinə qatılmağa icazə vermədi. Dedi ki, məktəb bitdi, hər şey qurtardı.

Biləndə ki kimsə məni istəyir, qorxumdan ağlayırdım

Məktəb illərində təbiidir ki, kiminsə səndən xoşu gələr, yaxud sən də kimisə bəyənərsən. Mənə söz göndərdəndə həmişə qaçırdım. Kimsə gəlib mənə deyirdi ki, filan oğlanın səndən xoşu gəlir, hirslənirdim. Həm də qorxurdum ki, indi valideynlərim eşidəcək, açıqlanacaqlar. Çünki yenə deyirəm, yaşadığımız yer balaca yer idi. Orada da həmişə dedi-qodu olurdu. O zaman qızlar çox diqqətli və ehtiyatla yaşayıblar. Mən şəhər qızı deyildim. Sonucda kənd adamı olduğum üçün bu cür məsələlərdə ciddi idim. Atam məktəbdən sonra heç vaxt bizə icazə verməzdi ki, harasa gedək. Sovxozda çox vaxt mənə deyirdilər ki, Məlahət, sən mənim gəlinim olacaqsan. Onda da qorxub ağlayırdım ki, bu sözləri anam eşidər.

Mona Lizadan yardım istəmişdim

Gözəl idim, istəyənlər də çox idi. Qonşuda da, məktəbdə də istəyənlər var idi. Qonşuda oğlan ona görə istəyirdi ki, anam uşaq vaxtı buna demişdi, Məlahəti sənə verəcəyəm. Böyüyəndə də elə bilmişdi elə mən buna getməliyəm. Bir gün uşaqlar gəlib mənə dedilər ki, kimsə sənin adını partaya yazıb. Atamın qorxusundan əsirdim. Qorxurdum ki, kimsə gedib xəbər verəcək. Həmin vaxt rəfiqəmin də adını yazmışdılar. Kitabda Mona Lizanın fotosu var idi. Biz onu Məryəm anaya oxşadırdıq. Həmin gün güclü yağış yağırdı. Mən ona təklif etdim ki, gəl bundan kömək istəyək. Biz bir daşın yanında dayandıq. Mona Lizanın fotosuna baxıb yalvarmağa başladıq: “Nə olar, ata-anamın bu işdən xəbəri olmazın. Bizə yardım et”. Amma deyim ki, özümün də xoşuma gələn oğlan var idi. O vaxtlar dərslər başqa-başqa siniflərdə keçirilirdi. Bilirsiniz də, qızlarda bir adət var idi. Kimdənsə xoşun gəlirsə, biləndə ki, indi o oğlangil burada dərs keçəcəklər, qəsdən gec çıxırdın. Guya kitablarını toplayırsan. Mən də elə edirdim. Xatırlamıram, neçə il sevdim. Uşaqlıq sevgisi idi. Amma onun heç xəbəri olmadı.

Valideynlərim dedi, bu qızı kim alacaq?

Mənim elçilərim də elə məktəb vaxtları olub. Yadıma gəlir hazırlıqdan gəlirdim. Gördüm, bir oğlan mənə baxır. O, axıradək məni izləyib, gəlib evimizi tapıb. Bir il boyunca küçəmizə gəlib getdi. Hətta qonşularımızla da münasibət qurmuşdu, onlardan söz göndərmişdi. Elçi gəlmək istədiklərini demişdi. Amma atam razı olmadı. Çünki o demişdi ki, bu evdən yalnız oxumaq üçün çıxacaqsan. Universitet bitirmədən heç bir yerə getmək olmaz. Ondan sonra da universitetə qəbul olanda dedilər, görəsən, bu qızı alan olacaqmı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7602
avatar

Jalə Məmmədli

Oxşar yazılar