Elza Seyidcahan: “Məni aldadıb ərə verdilər” - SÖHBƏT -
04 avqust 2012 14:00 (UTC +04:00)

Elza Seyidcahan: “Məni aldadıb ərə verdilər” - SÖHBƏT -

Hər zaman qeyri-adi hərəkətləri, davranışları ilə seçilən əməkdar artist, bəstəkar- müğənni Elza Seyidcahanın uşaqlıq illəri də qəribəliyi ilə seçilir. O qədər də imkanlı ailədə böyüməyən Elza evin 4 qızından ikincisi olub. Oxuduğu müddət ərzində 5 məktəb dəyişən Elza, ona verilən çoxlu ləqəbləri ilə seçilib. Özünün dediyinə görə, daha çox oğlanları döyməsi ilə yadda qalıb. Anası Seyidcahanın adını özünə ləqəb götürən Elza Əhmədovaya 11-ci sinfəcən oxumaq nəsib olmayıb. Çünki valideynləri tərəfindən ərə verilib. Həmyaşıdları “Son zəng “günü məzun libasında olduğu halda, Elza Əhmədova artıq təzə gəlin kimi başqa ailədə həyat yoldaşına qulluq edirdi. Elza Seyidcahan “Məktəb illəri”ni Lent.az-a danışır.

“Elzanı döyməyin”

Mən Əhmədova Elza Nuri qızı birinci sinfə Siyəzən şəhərində getmişəm. Bizim vaxtımızda ona “yarımcıq” sinif deyirdilər. Yəni ibtidai sinfə hazırlıq. Mən ilk əvvəl orada oxumuşam. Nənəmin yaxşı bir müəllim qohumu var idi. O, qadın məni hazırlaşdırdı. Həmişə anama deyirdi ki, Elzanı döyməyin, onu sözlə başa salın. Birinci sinfə getdiyim tarix dəqiq yadımda deyil. Ya 1974 ya da 1975-ci il olmalıdır. İkinci sinifdən sonra Sumqayıtda oxumuşam. Atam və anam fəhlə olduğu üçün Sumqayıta işləməyə gəldilər.

Birinci sinifdə qonşunun ayaqqabısını geyindim

Birinci sinfə anamla birlikdə getmişdik. O zaman bizim həyətimizdə qızılgül var idi. Ondan da dərib müəlliməmə aparmışdım. İlk dəfə məktəbə bacımın və qonşumun paltarları ilə getmişəm. Adətən, məktəb geyimlərimizi sentyabrda nənəm Bakıdan alıb göndərirdi. Bu dəfə elə oldu ki, çatdıra bilmədi. Mən də birinci sinfə getməli idim. Bacımın paltarlarını kəsib düzəltdik. Qonşunun qızından da ayaqqabı aldıq. Anam mənə tapşırdı ki, içəri girən kimi get birinci sırada əyləş. İbtidai sinif müəllimim də Heybətağa müəllim idi. Ağır seyidlərdən idi. Onunla birlikdə getdim. Sinfə girən kimi qaçıb, birinci sırada oturdum. Çox balaca uşaq olmuşam. Cılız, zəif, boy və çəkidə hamıdan balaca idim. Ona görə də qar yağanda məni məktəbə buraxmırdılar ki, yıxılıb qarın altında qalaram.

Qızını üstünə cumub, saçlarından yapışdım...

...Beləcə dərslər gedirdim. Çalışırdım yaxşı oxuyum. Elə birinci sinifdə şərəf lövhəsindən şəkilimi asmışdılar. Bir gün sinif yoldaşımın bacısı gəlib müəlliməyə nə dedisə, tənəffüsdə məni 3-cü sıraya keçirtdilər. Əvəzində başqa qızı gətirib mənim yerimdə, birinci partada əyləşdirdilər. Amma əslində mənim haqqım idi orada oturmaq. Çünki balaca olduğum üçün boyum çatmırdı, lövhəni görə bilmirdim. Buna görə mən də çox pis olmuşdum. Amma tənəffüs olan kimi, cumdum qızın üstünə. Saçından bərk-bərk yapışdım, çantasını da atdım kənara. Gedib əyləşdim yerimdə.

Divara yapışırdım...

Uşaqlıqdan bir xüsusiyyətim var idi. Hər tənəffüs də onu təkrar edirdim. Anam şirin çörəklər hazırlayırdı. Deyirdi: “Zəng vurulan kimi bunları yeyərsən. Amma həmişə divara söykən. Uşaqlar toxunar sənə, yıxılarsan”. Elə də edirdim. Tənəffüs olan kimi divara söykənirdim. Bu, məndə bir vərdiş halını almışdı. Həmişə divara yapışıb dururdum. Səliqəli uşaq olduğum üçün məni təmizlik nümayəndəsi təyin etmişdilər. Dərsə gələn kimi lövhəni silir, sinfi səliqəyə salırdım. Anam mənim üçün bir silgi tikmişdi. Bir dəfə silgini yumuşdum, onun üstündə döymüşdü məni.

Məni sevən oğlan mənə “yaltaq” dedi

Dördüncü sinifdə Cavid adında oğlanla bir partada oturdum. Hiss edirdim ki, onun məndən xoşu gəlir. Cavid idmana gedirdi. Həmişə gələndə mənə hədiyyə gətirirdi. Mənim də çantamın bir qayışı var idi. Bir gün Cavid mənə dedi ki, qayışı ver, mən istifadə edim. Dedim, verərəm, amma bir həftə sən, bir həftə isə mən aparım. Razılaşmadı. Dedi elədirsə, məni danışdırma. Ondan sonra onunla küsülü qaldıq. Bir gün də fizika dərsi idi. Müəllim onu dərs soruşmaq üçün lövhəyə çağırdı. Cavidin də atası onların dərsinə ciddi yanaşırdı. Qəflətən məktəbə gəlmişdi. Mən də onun iki almamağı, atası tərəfindən cəzalandırılmamağı üçün düsturları yazıb, kömək etdim. İkinci dəfə dərs danışmağa mən çıxdım, amma 3 qiyməti aldım. Gəlib yerimə əyləşəndə gördüm ki, iri hərflərlə “YALTAQ” sözü yazıb partamın üstünə qoyub. Ondan sonra heç vaxt danışdırmadıq bir-birimizi. Amma maraqlısı o idi ki, hər 23 fevral günündə mən ona hədiyyə alıb, bacısından göndərirdim. O da mənə 8 martda hədiyyə göndərirdi. Anam hər gün peçenye, onun anası isə “badımcan ikrası” hazırlayırdı. Məktəbdə yeməklərimizi dəyişirdik. Hər dərsdən çıxanda bu oğlan mənim arxamca qaçırdı. Bir gün anama dedim ki, hər gün təngnəfəs oluram. Cavid məni qaçmağa məcbur edir. Birlikdə evlərinə şikayətə getdik. Gedəndə gördük ki, Cavid ördəyin ayağına kəndir bağlayıb həyətdə gəzdirir. Anam qulağından tutub, ona xuliqan dedi. O da məni uşaqların içində xuliqan adlandırırdı.

Bacısına deyib ki, Elza nə yaman gözəlləşib

Cavidlə məktəbdən küsülü ayrıldıq. O, əsgərliyə getdi. Sonra məni görüb, bacısına demişdi ki, Elza nə yaman qəşəngləşib. Mən nahaq onunla küsülü qaldım. Biz çox mehriban idik. Mənim evləndiyimi eşidəndə demişdi ki, mənim dostum niyə etibarsız çıxdı? Amma bir neçə il bundan öncə Sumqayıtda çəkilişdə idik. Bir də gördüm ki, Cavid də məktəbin həyətində durub. Görüşdük, birlikdə sinfimizə getdik. Söhbət etdik. O, indi də evlənməyib. Bacısını görəndə Caviddən hal-əhval tuturam.

Adımı çəkdiyinə görə, oğlanı döymüşdüm

O vaxtı elə bir dövr idi ki, qızlar oğlan sevə bilməzdi. Həmin qıza qəribə baxırdılar. Bundan başqa, heç bir oğlanın ixtiyarı yox idi ki, qızın adını çəksin. Ağıllı qız idinsə, sənin adını çəkməməli idilər. Buna görə mən bir oğlanı sinfə salıb, elə döymüşəm ki... Müəllimə gəlib, güclə əlimdən almışdı. O, heç nə etməmişdi. Sadəcə arxadan Elza deyə qışqırmışdı. Bunu özümə təhqir bilmişdim. Məni sevənlərin hamısını döymüşəm. Düşünürdük, bu, çox pis haldır. Ona görə də mənə 8-ci sinifdə elçi gələn kimi verdilər. Mən də getdim. Elə bildim belə olmalıdır. Yuxarı siniflərdə bizi istəyənlər çox idi. Həm qonşuda, həm qohumlar, həm tanışlar. Qəşəng, ağıllı qızlar idik. Anam da çox gözəl qadın idi. Hamı istəyirdi ki, biz onların gəlini olaq. Amma bizim üçün sevgi yox idi.. Ürəyimizdən kimisə keçirsək də. Bunu gizlədirdik.

Anam çox sərt qadın olub. O, bizim oxumağımızı çox istəyirdi . Ona görə də dərslərimizə ciddi yanaşırdı. Fəhlə işlədiyi üçün çox gələ bilmirdi məktəbə. Gələndə də bizə xəbər vermədən qəflətən gəlib yoxlayırdı. Çox qorxurduq ondan. Müəllimlərimizə tapşırırdı ki, dərsi bilməyəndə bizi döysün. Əvvəl dərslərimi yaxşı oxusam da, sonradan passivlik yarandı. Səbəb o idi ki, mən artıq musiqi məktəbinə gedirdim. Orada yaxşı fəaliyyət göstərdiyim üçün bir neçə əlavə dərslərə çağırırdılar, məktəbdə, şəhərdə olan konsertlərə aparırdılar. Ona görə də dərs çalışmağa vaxtım olmurdu. Yuxarı sinfilərdə artıq şeir, mahnı yazmağa başladım. İlk dinləyicilərim isə qonşularım olub. Mən bir dəfə dedim ki, qonşularım üçün konsert verəcəyəm. Hamı mənə gülüşdü. Amma əslində biz tez-tez köçdüyümüz üçün hər yerdə qonşularımız olub. Onları bir yerə toplasaq, bir konsert salonunu tutarlar. Ona görə də fikrim var ki, bir dəfə sırf qonşularım üçün konsert təşkil edim. Çünki onlar mənim uğurlarımın ilk şahididirlər.

8 il ərzində 5 məktəb dəyişmişəm

Məndə qəribə bir xasiyyət də var idi. Mən hara gedirdimsə, orada liderliyi əlimə almalı idim. Elə olurdu ki, başqa bir məktəbə köçürdük. Görürdüm, burada artıq başqa lider var. Az müddətdə yenidən irəli keçirdim. Yenicə liderliyi yaşayırdım ki, başqa yerə köçürdük. Uzun müddət lider olmaq mənə nəsib olmurdu. Anam bacımı hazırlığa qoymuşdu. Dərsdən sonra müəllimin evinə gedib, öyrənirdi. Onun həyat yoldaşı da yemək hazırlayırdı. Mən də bacımla birgə gedirdim. O, mənə yalvarırdı ki, həmin yeməklərdən yeməyim. Çünki utanırdı. Deyirdi, ayıbdır. Elə biləcəklər görməmişdir. Mən də özümü saxlaya bilmirdim. Cürbəcür yeməklərə baxırdım. Bir dəfə axırda dözmədim, dedim ki, heç olmasa icazə ver, barmağımı şərbətə salım. O da məcbur qalıb icazə verdi. Məndə barmağımı tez batırım, ağzıma saldım. Mən həm də acgöz idim.

Ehtiyac içində yaşamışıq

Ailəmiz o qədər də imkanlı olmayıb. 4 nəfər qızı böyütmək asan deyildi. Anam zəhmətkeş qadın olub. O, imkan tapıb bizi musiqi məktəbinə qoymuşdu. Ora çəkilən xərclər də çox idi. Çox pis yaşamasaq da ehtiyaclarımız çox olurdu. Məsələn, sinifdə bir qız həmişə çoxlu qəzetlər alırdı. Mən pulumuz olmadığı üçün ala bilmirdim. Sinif şənliklərinə qatılmırdıq, hamıdan axırda biz pul verirdik. Bir palto alırdıq, onu dördümüz də geyinirdik. Bütün çətinliklər anamın çiynində idi.

Qəribəliklərim çox idi

İndiki kimi qeyri-adiliklərim olmasa da, amma o vaxt da qəribəliklərim olub. Bir dəfə sentyabr ayında yağış yağırdı. Mən də tez şuba, qalın çəkmə geyinmişəm. Baxıram bütün məktəb uşaqları mənə gülüşür. Mən də elə bilirəm elə olmalıdır. Evdə bacılarıma saçlı gəlincik, mənə keçəl alırdılar. Çünki mən onun saçlarını kəsirdim, gəlincik keçəl qalırdı. Ona görə də saçsız alırdılar ki, onsuzda xarab edəcəyəm. Həftə ərzində nə dərsimiz olurdusa, bütün kitablarımı çantama yığırdım. Məktəbdə hansı müəlliməyə kitab lazım olurdu, deyirdilər Əhmədova Elzada var. Gedin ondan alın. Dalaşqan uşaq olmuşam. Amma sadə bir qız idim. Sinifdə oturub atamla, anam haqqında roman yazırdım. Atamın adı Nuri, anamın adı Seyidcahandır. Əsərimin adını “Nuri və Seyidcahan” qoymuşdum. Bir gün uşaqlar gizlin çantamdan dəftəri götürüb oxumuşdular. Bir də baxıram hamı sinifdə Nuri və Seyidcahan deyə qışqırır. Buna görə çox ağlamışdım.

Qəribə ləqəblərim var idi

Bir sinif yoldaşım mənə “qoçu” deyirdi. Bir dəfə məktəb tədbirlərində uşaqlar şeir deyirdilər. Mən çəlimsiz olduğum üçün mənə icazə vermirdilər ki, bu yarıtmayacaq. Yalvardım müəlliməyə ki, icazə verin mən də söyləyim. Hüseyn Cavidin bir şeirini demişdim. Orada “Yox, yox” kəlməsini o qədər yaxşı söyləmişdim ki. Ondan sonra məktəbdə hamı mənə “Yox, yox “deyirdi.

Aldadıb, ərə verdilər

Çox təəssüflənirəm ki, mən məktəbin son zəngində çıxış edə bilmədim. Amma çox həsrətində idim. Uşaqlarımız məktəbi bitirəndə mən artıq evli idim. Mən texnikuma getdim. Orada artıq qeyri-adi geyinməyə başladım, fərqli görünürdüm. Bir gün fortepiano müəlliməm dedi ki, sizə oğlum üçün elçi gələcəyəm. Arzu adında bir rəfiqəm var idi. Ona dedim ki, qardaşından bir neçə mahnı kasetləri istə, elçilər gələndə oxudum. Bu da istəyəndə, qardaşı deyib ki, vermirəm. Mən özüm Elzanı sevirəm. Beləcə, rəfiqəmgil elçi gəldilər. Məni oğlana verdilər. Amma demişdilər ki, texnikumu bitirənəcən gözləyəcəyik. Amma aldatdılar, 11-ci sinifdə artıq evli idim.

Qəribə yuxular görürdüm

Sonra həyatım tamam dəyişdi. Artıq mən ailəli idim. Müəllimə işləməyə başladım. Sonradan qəribə-qəribə yuxular görürdüm. Hamı anama deyirdi ki, qızına vergi verilib. Amma mən bilirdim ki, bu sənətlə bağlıdır. Çox maraqlıdır ki, mənim həyatımda möcüzələr 7 ildən bir baş verib. Elə 7-ci ayın, 7-ci günündə (iyulun 7-də) doğulmağım. Bir çox hadisələr olub ki, 7 rəqəmi qarşıma çıxıb.

Jalə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6922
avatar

Jalə Məmmədli

Oxşar yazılar