Cavanşir Quliyevin xüsusi təqdimata ehtiyacı yoxdur. Azərbaycan bəstəkarıdır, azərbaycanlıdır. Həmişə də mətbuat üçün maraqlı müsahibdir. Gözəl musiqilər müəllifi olduğu kimi, gözəl də həmsöhbətdir. Səmimidir, heç bir halda düşündüklərini malalayıb lazım olduğu kimi danışmır, düşündüyünü deyir. Ona görə də yenə ehtiyac duydum onunla həmsöhbət olmağa. Vətəndən uzaqlarda - Şimali Kiprdə yaşasa da onunla söhbətin yolunu tapdım:
- Salam, Cavanşir müəllim. Sizinlə bir müsahibə edəkmi, Lent.az üçün?
- Buyurun, mövzu nə olacaq?
- Cavanşir Quliyev...
- Maraqlı olacağını düşünürsünüzsə, edək.
- Şəkidə keçən uşaqlığınıza aparmaq istəyirəm sizi. Necə bir mühitdə, ailədə dünyaya gəldiniz? Kim idi valideynləriniz, ümumiyyətlə, uşaqlığınızı necə xatırlayırsınız?
- Şəki mənim üçün bir müqəddəs tapınaqdır, şəhər boyda məbəddir, uşaqlığım və gəncliyimin möcüzəli dünyasıdır, uzayıdır... Günəşidir, Ayıdır, Ulduzudur. Orda doğuldum, böyüdüm, lakin hələ də mənim ayağım dəyməmiş dalanları, doqqazları, məhəllələri var Şəkinin – gözlərimi bağlayıb ora aparsalar, soruşmasam, geri dönə bilmərəm. Hər dəfə ora gedəndə, Şəkinin bir-birinə sarılan və süzülərək axıb gedən əyri-üyrü küçələrini dolaşmaqdan doymuram, sanki sevimli romanın səhifələrini yenidən vərəqləyirəm. O küçələrdə, məhəllələrdə o qədər xatirələr yatır ki...
Qəbiristanlıqda gəzərkən, məzar sahiblərinin çoxunun yaddaşımda yaşadığını kəşf edirəm, onları tanıyıram... Məzar demişkən – Şəkidə, babamın atasının qəbrinin yanında özüm üçün bir məzar yeri hazırlatmışam, yalançı başdaşı da qoydurmuşam ora – qohumlar üçün bir az rahat olsun.
Nənəmin evi Şəkinin yuxarı, tarixi hissəsində idi. Elə indi də ordadır. Qoç Abbas hamamının yolunda. Evin ikinci mərtəbəsinin eyvanından dağdakı məzarlıq da görünür. Bizim ev isə - atamın, anamın evi - şəhərin müasir mərkəzində. Uşağın piyada getməsi üçün kifayət qədər uzaqda yerləşirdi nənəmin evi. Lakin mən o yolu piyada qalxardım – bilirdim ki nənəm mütləq aş bişirəcək mənim gəlişimə, mən aşı da çox sevərdim, nənəmi də. Nənəm də məni çox sevərdi, çünki mən onun ən böyük oğlan nəvəsi idim – oğlu da olmadı, dörd qızı vardı. Dünyanın bütün nənələri kimi, mənim də nənəm bir nağıl idi, möcüzə idi. O zamankı adət üzrə üst üstə 5-6 ətək geyinərdi (Şəkidə ona tuman deyirlər), hər birinin də gizli cibi vardı, o ciblərdə də qoz-fındıq gizlədərdi. Mən çox sevərdim fındığı, lakin dişlərimi qorumaq məqsədilə nənəm mənə fındıq vermirdi. Xeyli israrımdan sonra, ürəyi dözməyib, altdakı tumanların birinin cibindən bir neçə fındıq çıxarıb verirdi və deyirdi ki, daha yoxdu, qurtardı. Nənəmdən növbəti 3-4 fındığı almaq üçün yenidən xeyli təzyiq göstərməli idim. Beləcə, nənə-nəvə fındıq oyunu oynayardıq. Məktəb dərslərindən və anamın intizam qaydalarından bezib, qaçıb qoynunda sərbəstləşərək, nağılvari zaman keçirdiyim bir büllur saray idi nənəmin evi. Mən sünnət olunarkən (yaddaşımda qalıb, çünki kiçik deyildim), qaçıb həyətin axırında bir kolluqda gizləndim, nə anam, nə atam məni ordan çıxara bilmədilər. Nənəm gəldi, şirin dili ilə ovsunladı məni, çıxdım ordan... Adı Gülarə idi, lakin hamı ona Qənd-xala deyərdi, o qədər şirin idi.
- Niyə bəs, məzar yerini nənənin deyil, babanın atasının yanında seçdiniz?
- Nənəm dəfn olunan yerdə yer qalmayıb, qohum-əqrəba hamısı ordadır. Babamın atasının dəfn olunduğu məzar köhnə məzarlıqdır, orda artıq bağlanıb hər yer. Mən birtəhər yaxınlığında yer eləmişəm özümə. Kişi kişinin yanında olar.
- Allah gecindən versin. Mən ehtiyat edirəm belə şeylərdən, düşər-düşməzi olar. Orta məktəbdə başqa şagirdlərdən nə iləsə düşüncə, davranış fərqliliyiniz vardı, yoxsa hamı kimi idiniz?
- Görüntüdə elə bir fərqim yox idi, amma deyə bilərəm ki, sinfin ən intizamlı oğlan şagirdi idim. 30 nəfərlik sinifdə ən yüksək qiymət alan 3 şagirddən biri idim. Son siniflərdə musiqi ağır basmasaydı, məktəbi qızıl medalla bitirə bilərdim. Fəqət musiqi hər şeyi qapadı mənimçün, iliyimə keçdi, qanıma işlədi, həyatımı çevirdi...
Atam xeyli əsəbiləşdi musiqiçi olmaq istədiyimi öyrənəndə, “sazandar” olmağımı heç istəmirdi, alim, kimyaçı, fizikaçı görmək istəyirdi məni. O zaman kosmos yeni-yeni fəth edilirdi, deyərdi: “Bax, get kosmosa uç, kosmik sənayedə işlə, boş vaxtında da tarını çal!” Paradoksal bir vəziyyət idi – bunu mən illər sonra anladım – mənim bütün musiqi bacarığım, istedadım, musiqi sevdam məhz atamdan keçib mənə, lakin musiqiçi olmağımı istəmirdi. Özü zamanında musiqiçi olsaydı, məndən də üstün olacaqdı, fəqət hərbçi oldu, müharibəyə getdi, vuruşdu, yaralandı, sonra da ömrünün sonunadək hərbi sahədə işlədi, sərtləşdi, qapandı, xasiyyəti tündləşdi. Hərdən mənim tar müşayiətimlə asta-asta Füzulinin qəzəllərini bir muğam üstündə oxuyardı evdə... Çox istedadlı idi...
- Konservatoriyaya tar sinfinə qəbul olunub, sonradan bəstəkarlığa keçmisiniz. Niyə belə qərara gəldiniz?
- Əslində, bəstəkar olmaq istəyi hələ uşaqlıqdan içimdə vardı. Bəzi “əsərciklər” də uydururdum yeniyetməykən. Amma ali məktəb yaşına gəldikdə, gənclik romantizmi sərt reallıqla üzləşdi...anladım ki, bəstəkar olmaq üçün musiqi biliklərim yetərli deyil.
Bəstəkarlıq çox çətin peşədir, dünya qədər biliklər tələb edir, orta əsrlərdən bu günə qədər bütün bəstəkarların əsərlərini, necə deyərlər, “üyütməlisən”, onları son notuna qədər araşdırmalısan, bir sıra zəhlətökən musiqi fənlərini öyrənməlisən, bir sözlə - gəncliyini, gəzməyini, bütün əyləncələrini, “həyatının xoş anlarını” – bunların hamısını musiqi notlarının və musiqi kitablarının tozuna qurban verməlisən. Yaşıdların gəzməyə çıxanda, sən evə qaxılıb çalışmalısan, çalışmalısan, çalışmalısan...
Bunlardan əlavə, rəssamlığı, ədəbiyyatı, teatrı ən azından sənətşünas, ədəbiyyatşünas və teatrşünas qədər öyrənməlisən. Dünyadakı hadisələri izləməlisən, Vətənindəki olaylardan xəbərdar olmalısan, ictimai münasibətləri araşdırmalısan, bu barədə qəti mövqeyin olmalıdı və s.
Mən orta musiqi savadımı Şəkidə aldım, o vaxtlar orda müəllimlər və kitabxana fondu yetərli olmadığından, bəstəkarlıq fakültəsinə qəbul olunmağım riskli idi, ona görə də xalq çalğı alətləri fakültəsinin tar şöbəsinə rahat qəbul olundum, iki il biliklərimi artırmaq yolunda gərgin çalışdım və bəstəkarlıq fakültəsinə - professor C.Hacıyevin sinfinə qəbul olundum.
- Siz Cövdət Hacıyevdən dərs almısınız, o da Dmitri Şostakoviçin tələbəsi olub. Özünüzü Şostakoviç məktəbinə nə dərəcədə yaxın, ya uzaq hiss edirsiniz?
- Bəli, mənə Şostakoviçin “nəvəsi” də deyə bilərsiniz... Şostakoviç yaradıcılığından hər bir müasir bəstəkar kimi, mən də xeyli faydalandım. C.Hacıyevin vasitəsilə ondan çox şey öyrəndim, dərslərdə onun əsərlərini tez-tez analiz edərdik, müzakirə edərdik. O zamankı gənc bəstəkarların, demək olar ki, hamısı Şostakoviç məktəbinin təsiri altında yaradıcılıqlarına başlayırdı, bəziləri elə ömrü boyu da o üsluba sadiq qalırdı. Amma mənim yaradıcılıq tərzim başqadır, Şostakoviç üslubu deyil.
- Ümumiyyətlə, Azərbaycan musiqisinin korifey bəstəkarlarının müəllimləri əsasən rus bəstəkarları olub. Bu bizim musiqimizə hansı təsirləri verib, sizcə?
- Mən rus yox, rusiyalı deyərdim. Bir də, bəstəkarlıq beynəlmiləl peşədir, heç bir milli mənsubiyyəti yoxdur, mühəndislik, həkimlik, kimyaçı və s. kimi. Rusiyada yaşayan bəstəkarlar vasitəsilə bu peşə bizə də gəldi – doğrusu budur, məncə. Zamanında rusiyalı musiqiçilər də bu peşəni öyrənmək üçün Avropaya gedərdilər. Əlaqələr təkmilləşdikcə, biliklər də sürətlə hər tərəfə yayılır – hər sahədə belədir. Bəstəkarlıq peşəsinin bizim musiqiyə təsirinə gəldikdə, bu təsir çox böyükdür, çünki bəstəkarlıq həm də elmdir, bu elmi biliklər milli musiqiyə də yavaş-yavaş sirayət edirdi, milli musiqinin də inkişafı sürətlənirdi və bu inkişaf sonda keyfiyyətə dönürdü. Elm və bilik tətbiq olunan hər sahə, təbii ki, inkişaf edər.
- Diplom işiniz simfonik orkestr üçün “Birinci simfoniya” olub. Sonralar simfoniyaya o qədər də müraciət etməmisiniz?
- Etmişəm, bir neçə il öncə 4-cü Simfoniyanı bitirdim. Bu simfoniyanı peşəkar bəstəkarlıq məktəbimizin banisi Üzeyir Hacıbəylinin əziz xatirəsinə həsr etmişəm, elə əsərin qəhrəmanı da Üzeyir bəydir.
- Müstəqil Azərbaycanın ilk hərbi marşını yazdınız, çox sevildi, yerinə düşdü. İndi marş yazarsınız o duyğularla?
- O duyğular olsa, təbii ki, yazaram. Hal-hazırda cəmiyyətimiz ordudan və Qarabağdan ayrılmış vəziyyətdə yaşayır, dövlət baxır orduya da, Qarabağa da. Cəmiyyətə isə yalnız kənardan seyr etmək qalıb...
- Səs rejissoru da işləmisiniz, tamaşalara çoxlu sayda musiqilər yazmısınız, pedaqoji fəaliyyətiniz var - harda özünüzü suda balıq kimi hiss edirsiniz?
- Sadaladığınız fəaliyyət növləri, dediyiniz kimi, mənim sularımdır, mən də o suların balığı – yəni, çalışdığım hər sahə mənim üçün əziz və doğmadır. Zatən, ömrüm boyu sevmədiyim işlə heç vaxt məşğul olmadım.
- Son vaxtlar himnimiz haqqında müxtəlif fikirlər səslənir. Sizin fikriniz maraqlıdır.
- Azərbaycan, yəqin, dünyada yeganə ölkədir ki, hələ də himni barədə müxtəlif fikirlər var. Sanki insanlar Üzeyir bəyi və Əhməd Cavadı qısqanırlar, elə hey əsəri qaralamağa çalışırlar. Bir neçə dəfə mətbuatda çıxış etmişəm bu barədə, anlatmışam həqiqətləri, amma sakit olmurlar... Təkrar edirəm: Azərbaycan Dövlət Himni dünyanın ən möhtəşəm himnlərindən biridir! Bizim himnin yanında yalnız ABŞ, Türkiyə, Fransa və Rusiyanın himnləri dura bilər. İnanmayanların, əgər bir azacıq musiqi duyğuları varsa, internetdə bütün ölkələrin himnlərini dinləsinlər.
- Hazırda vətəndən kənarda fəaliyyət göstərirsiniz. Sizcə, belə daha yaxşıdır? Darıxmırsınız Bakı, Şəki üçün?
- Necə deyərlər, burnumun ucu göynəyir. Mən Azərbaycandan könüllü olaraq getmədim ki, getməyə məcbur oldum. Bəstəkarı cəzalandırmağın, hətta, öldürməyin belə ən sadə və nəticə verən üsulu onun əsərlərini və özünü efirlərdən, konsert salonlarından məhrum etməkdir. Məni işdən çıxartdılar, hər yerdən üzümə qapatdılar qapıları...mən də məcbur oldum iş axtarım, Şimali Kiprdə tapdım. Afrikada, ya da Antarktidada iş tapsaydım, ora gedərdim.
Bir sual doğur: bəs həmkarlarınızdan, yetişdirib sənətkar etdiyiniz müğənnilərdən, yaradıcı ziyalılardan, saysız ünlü tələbələrinizdən, Sizə "dostum" deyən bir sıra cəmiyyətdə məşhur insanlardan, nəhayət, Sizin şərəf və ləyaqətinizi nizamnamə əsasında qorumağa borclu olan Bəstəkarlar İttifaqından Sizi müdafiə edən oldumu? Cavab: Olmadı...
- Eşitmişəm əlinizdə sanballı işləriniz var, tamamlamaq üzrəsiniz. O işlərlə nə vaxt tanış ola biləcəyik?
- Burda yaşadığım illərində bir sıra irihəcmli əsər yazdım: üç balet - “Oğuznamə”, “Tufan (Nuhun Gəmisi)”, “Kızılırmak”. Bundan başqa, “Dördüncü Simfoniya”, “Necip Fazıl” oratoriyası, bir sıra kamera-instrumental əsərlər, Türkiyə üçün teatr musiqisi, kinomusiqi, mahnılar və sair. Bu əsərlərlə tanış olmaq yalnız onlar səhnəyə çıxanda mümkün ola bilər. Nə zaman səhnəyə çıxacaqlarını isə mən, düzü, bilmirəm, burda opera və balet teatrı yoxdur, heç konsert həyatı da yoxdur.
Hazırda Mikayıl Müşfiqə həsr edəcəyim “Müşfiq ağıları” oratoriyası üzərində hazırlıq işləri aparıram. Bu əsəri özüm özümə 70 illik yubileyim üçün hədiyyə edəcəm. Hər kəs yubileyində şənlik edərkən, mən Müşfiqə ağı söyləyəcəm. Sonra isə məni nəhəng bir layihənin davamı gözləyir – “Dədə Qorqud Oğuznamələri” – 12 balet! İkisi hazırdır. Qəbirə qədər çalışmaq!
- Nə zaman qayıdırsınız?
- Dəfələrlə demişəm: hər an çantamı qapıb hava limanına qaçmağa hazıram. Fəqət mənim Azərbaycana dönməm ordaki mənəvi-psixoloji vəziyyətin mənim üçün uyğun olması ilə əlaqədardır.