Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanan “Dovşanın ad günü” tamaşasının məşq prosesi yekunlaşmaq üzrədir. Teatrdan Lent.az-a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Tamaşada mərhum bəstəkar, xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunur.
Tamaşada əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər.
Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşa 2016-cı ilin yanvarın 28-də məktəblilərin qış tətili ərəfəsində nümayiş etdiriləcək.
Teatrda rus xalq nağılı “Turp"un motivləri əsasında səhnələşdirilmiş “Möcüzəli turpun nağılı” tamaşasının artıq məşqləri başlanıb. Məktəblilər və azyaşlı izləyicilər üçün nəzərdə tutulmuş yeni səhnə əsərinin quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rejissor assisenti Sona Mustafayeva, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Tamaşada xalq artisti Yasin Qarayev, əməkdar artistlər Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Xalidə Əliməmmədova, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Elnur Hüseynov, Mirzəağa Mirzəyev, Anar Səfiyev, Elnur Əliyev iştirak edəcəklər. Tamaşanın mart ayının əvvəllərində nümayiş etdirilməsi nəzərdə tutulur.