Yanvarın 19-da Muzey Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbiri keçiriləcək. Mərkəzdən Lent.az-a verilən məlumata görə, konsertdə Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin “İstedad Mərkəzi”nin yaradıcı heyəti çıxış edəcək. Mərkəzin rəhbəri xalq artisti, professor Zəhra Quliyeva bildirib ki, tədbirdə uşaq musiqi və incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərinin ifasında milli və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Konsert saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar tabeliyində olan müəsssisələrdə kəçiriləcək tədbirlər planını tərtib edib. İdarənin kollektivinin 20 yanvar günü Şəhidlər Xiyabanına ziyarəti daxil olmaqla, tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərdə sərgilər, anım gecələri, dəyirmi masalar, kompozisiyalar, ədəbi-bədii gecələr, məlumat saatları və mühazirələr keçiriləcək.