Azərbaycan xalqının incəsənət sahəsindəki uğuru hər kəs tərəfindən qəbul olunur. Hansı ölkədə yaşamaqlarından asılı olmayaq, soydaşlarımız öz istedadları ilə tarixən gərgin münasibətlərdə olduqları ermənilərin də rəğbətini qazanıblar.
Lent.az saytı sovet dövründə Ermənistanın fəxri adlarını – xalq və əməkdar artist adını qazanan azərbaycanlıların siyahısını təqdim edir.
Xalq artistləri
Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1962-ci ildə Ermənistanın xalq artisti adını qazanıb. Daha çox maestro Niyazi adı ilə tanınmış dirijor və bəstəkar 1912-ci il avqustun 7-də Tiflisdə anadan olub. Azərbaycana bir çox musiqiçilər bəxş etmiş tanınmış Hacıbəyovlar nəslindən olan maestro Niyazi 1951 və 1952-ci illərdə Stalin mükafatı, 1959-cu ildə isə SSR xalq artisti adını qazanıb. Yalnız bundan sonra onun istedadı Ermənistan SSR-də qiymətləndirilib. Niyazi Tağızadə-Hacıbəyov 1979-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru kimi çalışmağa başlayıb. Dirijor-bəstəkar 1984-cü il avqustun 2-də Bakıda dünyasını dəyişib.
Zeynəb Xanlarova 1978-ci ildən Ermənistan SSR xalq artistidir. 1936-cı il dekabrın 28-də Bakıda anadan olan Z.Xanlarova Azərbaycanın ən məşhur müğənnilərindən biri olub. Tez-tez qastrol səfərlərində olan sənətçi Azərbaycan və Ermənistandan savayı, Özbəkistanın da xalq artisti adını qazanıb.
1980-ci ildə isə Zeynəb Xanlarova SSRİ xalq artisti fəxri adını alıb.
Sürəyya Sədrəddin qızı Qacar 1954-cü ildə Ermənistan SSR xalq artisti adını qazanmış məşhur opera müğənnisidir. O, 1910-cu il mayın 1-də Şuşa şəhərində andan olub. 1927-ci ildən Azərbaycan Opera və Balet Teatrının, 1940-cı ildən isə Dövlət Filarmoniyasının aparıcı solisti olub. 1946-1957-ci illər ərzində Sürəyya Qacar Ermənistan Dövlət Filarmoniyasının solisti olub. 1992-ci ildə dünyasını dəyişib.
Əməkdar artistlər
Yunis Hacı Süleyman oğlu Süleymanov 1935-ci ildə Ermənistanın əməkdar artisti adını qazanmış azərbaycanlılardan biridir. Daha çox yaradıcı təxəllüsü il - Yunis Nuri adı ilə tanınan aktyor 1878-ci il yanvarın 23-də İrəvanda anadan olub. O, Azərbaycan İrəvan Teatrının əsasını qoyan şəxslərdən biri sayılır. Ömrü boyunca İrəvanda yaşayan və yaradan Y.Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.
Əli Fətullah oğlu Şahbazlı 1945-ci ildə Ermənistanın əməkdar artisti adına layiq görülüb. 1896-cı ildə anadan olmuş Ə.Şahbazlı da Azərbaycan İrəvan Dram Teatrı ilə sıx bağlı olub. Teatrda rejissor və aktyor kimi çıxış edən soydaşımız 1973-cü ildə dünyasını dəyişib.