Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sosial izolyasiya tədbirlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin və tamaşaların ləğv edildiyi zamanda Azərbaycan Dövlət YUĞ Teatrı “Evdə qal” çağırışına qoşularaq, "Evdə qal, teatrsız qalma” adlı sosial kampaniyaya başlayıb.
Teatrın rejissoru Mehriban Ələkbərzadə Lent.az-a açıqlamasında bildirib ki, teatrın sənətçiləri Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən həyata keçirilən tədbirlərə fəal şəkildə qoşulur və Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edirlər.
Rejissor YUĞ Dövlət Teatrının kollektivi adından bildirdi ki, pandemiyanın ölkəmizə mənfi təsirinin qarşısının alınması üçün görülən tədbirlərə qoşularaq, insanları özlərinin və doğmalarının təhlükəsizliyi naminə karantin qaydalarına əməl etməyə, vaxtı səmərəli keçirməyə, evdən çıxmadan teatrla maraqlanmağa, tamaşalara baxmağa çağırır.
“YUĞ teatrı aprel ayının əvvəlindən etibarən distant rejimdə fəaliyyətə başlayıb. Minimal resurslar çərçivəsində mümkün olduğu qədər teatrın tamaşaları “evdəqalteatrsızqalma” həştağı ilə sosial şəbəkələrdə paylaşılır. Karantin müddətində YUĞ teatrının Youtube kanalı yaradılıb və müxtəlif internet resurslarında və yaddaş qurğularında saxlanılan bütün videoyazılar (məxfi statusla) kanala yerləşdirilib. Aprel ayı üçün virtual nümayişi nəzərdə tutulan tamaşaların repertuarı müəyyənləşdirilib. Həftədə 2 dəfə YUĞ Dövlət Teatrının facebook, və youtube sosial hesablarında tamaşaların vieoları paylaşılır. Həftədə bir dəfə isə arxiv tamaşaları, tamaşalardan parçalar və teatrın fəaliyyətinə həsr olunmuş televiziya verilişləri, süjetlər, reportajlar və videoçarxlar izləyicilərə təqdim olunur. Artıq karantin rejiminin uzadılacağı təqdirdə növbəti ayda nümayiş olunacaq tamaşalar və videosüjetlərin siyahısı da müəyyənləşdirilib”.
Mehriban Ələkbərzadə teatrın repertuar planına uyğun olaraq yenə də onlayn sistemlə yeni tamaşa üzerində işə start verildiyini dedi: “Aydındır ki, teatr canlı və kollektiv sənət növüdür, bırda müəyyən ilkin mərhədən danışmaq daha dogrudur. Tamaşa üzerində rejissor işi, rejissorun rəssamla işi ve s... Hələ ki, 2 tamaşa üzərində bu formatda işlər gedir”.
Teatrın baş rejissoru Yuğ teatrında il ərzinde hazırlanacaq tamaşalardan da danışdı: "Matey Vişnekin “ Qoca kloun tələb olunur” pyesi əsasında “Kloun Bizzz” tamaşasının ( quruluşçu rejissor Mikayıl Mikayılov) daxili baxışı oldu, amma premyera tədbirlərin ləğv edildiyi zamana düşdü.
C.Məmmədquluzadə “ Çay dəsgahı” pyesi əsasında “Toy dəsgahı” tamaşası ( quruluşçu rejissor Günay Settar), Ə.B. Haqverdiyev “ Pəri Cadu” tamaşası ( quruluşçu rejissor Gümrah Ömer), İ. Vırıpayev “ İllüziya” ( quruluşçu rejissor Mikayıl Mikayılov), V. Şekspir “ Hamlet” ( quruluşçu rejissor Mehriban Elekberzade) hazırlıq prosesində olan tamaşalardır.