Yayda soyuducu fərqli işləməlidir - ideal temperatur
02 iyul 2026 13:57 (UTC +04:00)

Yayda soyuducu fərqli işləməlidir - ideal temperatur

0

Yay aylarında havanın isti keçməsi soyuducuda saxlanılan məhsulların daha tez xarab olmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, temperaturun cüzi dəyişməsi belə qidaların təzəliyinə təsir edir. Düzgün temperatur rejiminin seçilməsi məhsulların daha uzun müddət təhlükəsiz saxlanmasına kömək edir.

Lent.az xəbər verir ki, yayda soyuducu üçün ən uyğun temperatur +3 ilə +4 dərəcə arasındadır. Bu rejimdə qidalar daha uzun müddət təzə qalır, eyni zamanda soyuducu da əlavə yük altında işləmədən səmərəli fəaliyyət göstərir. Dondurucu kamerada isə -18 dərəcə temperaturun saxlanılması tövsiyə edilir. Bu göstərici dondurulmuş məhsulların keyfiyyətini qorumaq üçün qəbul edilən standart hesab olunur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, yayda soyuducunun temperaturunu +4 dərəcədən yuxarı qaldırmaq olmaz. Əks halda, ətraf mühitin yüksək temperaturu səbəbindən qidalar daha tez xarab ola bilər. Bununla yanaşı, ehtiyac olmadığı halda soyuducunu maksimum soyutma rejiminə keçirmək də məsləhət görülmür. Bu, həm elektrik enerjisi sərfiyyatını artırır, həm də kompressora əlavə yük yaradır.

Yayda soyuducunun sərinliyini necə qorumaq olar?

Soyuducunun qapısını tez-tez açmaq daxildəki temperaturun yüksəlməsinə səbəb olur. Buna görə də qapını açarkən lazım olan bütün məhsulları bir dəfəyə götürmək tövsiyə edilir. Həmçinin soyuducunun içərisindəki hava dövranını təmin edən ventilyasiya dəliklərinin ərzaqlarla bağlanmadığından əmin olmaq lazımdır. İsti yeməkləri soyuducuya yerləşdirməzdən əvvəl otaq temperaturuna qədər soyumağını gözləmək vacibdir. Qapının rezin hissələrini mütəmadi təmizləmək, zədələnmiş olduqda isə yenisi ilə əvəz etmək lazımdır. Çünki köhnəlmiş rezinlər isti havanın içəri daxil olmasına səbəb ola bilər. Məhsulların düzgün yerləşdirilməsi də böyük əhəmiyyət daşıyır. Rəfləri həddindən artıq doldurmaq olmaz. Soyuq hava qablar və paketlər arasında sərbəst dövr etməlidir. Digər tərəfdən, tam boş soyuducu da temperaturu yaxşı saxlaya bilmir. Əgər içəridə az məhsul varsa, bir neçə butulka soyuq su yerləşdirmək temperaturun daha sabit qalmasına kömək edə bilər. Elektrik enerjisi kəsildikdə isə soyuducunun qapısını mümkün qədər bağlı saxlamaq tövsiyə olunur. Qapı açılmadığı halda soyuducu təxminən 4 saat, tam dolu dondurucu kamera isə 48 saata qədər təhlükəsiz temperaturu qoruya bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4

Oxşar yazılar