Kraliçanın son sirri:  alimlər Kleopatranın məzarının  izinə düşdülər
20 sentyabr 2025 13:55 (UTC +04:00)

Kraliçanın son sirri: alimlər Kleopatranın məzarının izinə düşdülər

0

Tədqiqatçılar, o cümlədən “Titanik”i tapan məşhur xəzinə axtarıcısı Bob Ballard, Kleopatra və Mark Antoninin dəfn yerinin tapılmasına heç vaxt olmadığı qədər yaxın olduqlarını bildiriblər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, Aralıq dənizində, qədim Taposiris-Maqna şəhərinin yaxınlığında, İsgəndəriyyədən 30 mil məsafədə yerləşən su altında qalmış limanın kəşfi sayəsində mümkün olub.

Niyə məhz bu yer?

Arxeoloqlar, Kətlin Martinesin rəhbərliyi ilə, təxminən 12 metr dərinlikdə liman aşkarlayıblar. Bir vaxtlar bu liman ölüm tanrısı Osirisinə həsr olunmuş məbəd ilə bağlı olub. Bu kəşf son dərəcə vacibdir. Çünki hələ 2022-ci ildə Martinesin komandası məbədin xarabalıqları altında 1200 metrlik tunel tapmışdı. Bu tunelin gizli bir şəbəkənin bir hissəsi olduğu və birbaşa yeni tapılmış limana aparıldığı güman edilir.

Martinesin ehtimalına görə, eramızdan əvvəl 30-cu ildə Mark Antoni ilə birlikdə intihar edən Kleopatra dəfnini elə planlaşdırmışdı ki, romalılar onların cəsədini tapa bilməsinlər. Buna görə də o, özünü axirət həyatında təhlükəsiz hiss edəcəyi yeri — Osiris məbədini — seçib.

Qazıntı yerində nə tapılıb?

Su altında qalmış limanda arxeoloqlar sütunlar, cilalanmış daş döşəmədən parçalar və şərab küpləri — amforalar aşkar ediblər. Bu, burada fəal həyatın mövcudluğunu göstərir. Misir Turizm Nazirliyi bunu qədim dəniz fəaliyyətinin sübutu adlandırıb.

Tarixin ən qüdrətli kraliçalarından biri sayılan Kleopatra gözəlliyindən məqsədlərinə çatmaq üçün istifadə etməsi ilə tanınır. O, Roma imperiyasının ən nüfuzlu kişiləri — Yuli Sezar və Mark Antoni ilə məhəbbət münasibətində olub.

Kətlin Martinesin sözlərinə görə, 2000 illik axtarışlardan sonra onlar ilk dəfə bu qədər yaxınlaşıblar. Onun iddiasına görə, indi bu, sadəcə zaman məsələsidir və Kleopatranın məzarı tapılacaq. Bu kəşf haqqında yeni sənədli film — “Kleopatranın son sirri” — 25 sentyabrda National Geographic kanalında yayımlanacaq.

Xatırladaq ki, “Taxtlar Oyunu” və “Dune” seriallarının qəddarlıq və əxlaqsızlığın zirvəsi olduğunu düşünənlər Misirə 323-dən eramızdan əvvəl 30-cu ilə qədər hökmranlıq edən Ptolemeylər sülaləsinin real dünyası ilə tanış olmalıdırlar. Qədim tarix professoru Loyd Levellin-Cons yeni kitabında — “Kleopatralar, Misirin unudulmuş kraliçaları” — oxucunu siyasi intriqalar, qətllər, qohum evlilikləri və hədsiz dəbdəbə ilə dolu bir dünyaya aparır və burada reallıq hər cür uydurmanı üstələyir.

Bundan əvvəl xəbər verilmişdi ki, qrafik mütəxəssisləri Misirdə Fironlar Vadisini quran və Qədim Misir tarixini dəyişən fironun üzünü canlandırıblar. XVIII sülalənin ikinci hökmdarı olan I Amenhotep-in təxminən 3500 il əvvəl 35 yaşında vəfat etdiyi, sonra isə diqqətlə mumiyalaşdırıldığı güman olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar