Tarixdə ilk:  süni intellekt işə götürdü -  100 dollar  aldı
09 fevral 2026 15:37 (UTC +04:00)

Tarixdə ilk: süni intellekt işə götürdü - 100 dollar aldı

0

2026-cı il fevralın 4-də tarixdə ilk dəfə süni intellektin real dünyada fiziki işi yerinə yetirmək üçün insanı müstəqil şəkildə işə götürdüyü və ona pul ödədiyi rəsmi olaraq sənədləşdirilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “X” sosial şəbəkəsində Form_young ləqəbi ilə tanınan istifadəçi RentAHuman.ai adlı yeni platforma vasitəsilə süni intellekt agentdən 100 dollar aldığını sübutlarla paylaşıb.

Tapşırıq şərtləri

Məlumata görə, süni intellekt Form_younqa bir saat ərzində ictimai məkanda “AN AI PAID ME TO HOLD THIS SIGN” (“Bu plakatı tutmaq üçün mənə AI pul ödəyib”) yazılmış lövhəni göstərməyi tapşırıb. Tapşırığın icrasından sonra süni intellekt agent ödənişi avtomatik şəkildə həyata keçirib.

Bu hadisə süni intellektin yalnız tapşırıq yaradan alət deyil, eyni zamanda müstəqil qərar verən və insan əməyini maliyyələşdirən subyektə çevrildiyini göstərən ilk açıq nümunə kimi qiymətləndirilir.

Yeni istifadəyə verilmiş RentAHuman.ai platforması qısa müddətdə böyük maraq doğurub. Xidmətin əsas ideyası ondan ibarətdir ki, AI agentlər insanları çağıraraq real dünyada fiziki tapşırıqlar icra etdirə bilir.

Ödəniş təsdiqi

Platforma nümayəndələrinin açıqlamasına görə, ilk sutka ərzində sayt yarım milyondan çox ziyarətçi toplayıb və 24 mindən artıq insan icarə üçün qeydiyyatdan keçib. Standart ödənişlər saatda 50–150 dollar arasında dəyişir, bəzi istifadəçilər isə saatlıq 500 dollar tələb etdiklərini göstəriblər. Ödənişlər əsasən dollarla sabitlənmiş kriptovalyutalar vasitəsilə aparılır.

Mütəxəssislər bildirirlər ki, bu model əmək bazarında köklü dəyişikliklərin başlanğıcı ola bilər. Əgər əvvəllər insanlar digər insanları platformalar vasitəsilə işə cəlb edirdisə, indi süni intellekt bunu öz düşüncə və planlama prosesinin bir hissəsi kimi həyata keçirir.

Analitiklərin fikrincə, 2026-cı il fevralın 4-ü süni intellektin ilk dəfə rəsmi şəkildə işəgötürən rolunda çıxış etdiyi tarix kimi yadda qala bilər. Bu isə texnologiyanın inkişafı ilə yanaşı, etik və hüquqi müzakirələri də yeni mərhələyə daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar