Rusların qaçdığı İlan adası haqqında MARAQLI FAKTLAR
01 iyul 2022 19:01 (UTC +04:00)

Rusların qaçdığı İlan adası haqqında MARAQLI FAKTLAR

Artıq 130 gündür ki, davam edən Rusiya-Ukrayna müharibəsindən gələn cəbhə xəbərlərində İlan adası ilə bağlı məlumatlar xüsusi yer tutur.

Lent.az kiçik amma böyük strateji mövqeyi olan İlan adası ilə bağlı məlumatları təqdim edir:

İlan adası Qara dənizin şimal-qərbində yerləşir. Adaya Odessadan 140, Krım yarımadasından 180 və ən yaxın Ukrayna sahillərinə qədər 35 kilometr məsafə var.

Sahəsi cəmi 20,5 hektar olsa da, onun ətrafında bu ölçüdə başqa ada yoxdur.

Müharibəyə qədər Ukrayna sakinləri İlan adasını ölkənin ən ucqar, çətin yeri adlandırırlar. Buna rəğmən, adada dayver və vəhşi istirahət həvəskarlarının müntəzəm gəldiyi 4 çimərlik var idi.

Adada daimi əsas xidmət edən qarnizonun sayı barədə məlumat yox idi. Rusiya Müdafiə Nazirliyi fevralın 24-ü İlan adasında 82 ukraynalı hərbçini əsir götürdüyünü açıqlamışdı. Ukrayna tərəfi isə orada yalnız 13 sərhədçisinin olduğunu iddia edirdi. Uzun müddət itkin düşmüş sayılan həmin hərbçilər bir neçə ay sonra Ukraynaya qaytarıldı.

Sülh dövründə adada hərbçilərin sayının 50-ni keçmədiyi, onlarla yanaşı, adada araşdırmalar aparan Odessa Universitetinin müəllimlərinin də qaldığı məlumdur.

İlan adası uğrunda fevralda başlayan döyüşlər mayda buranın Rusiya Ordusunun tam nəzarətinə keçməsi ilə başa çatdı. Adaya desant çıxaran ruslar ərazidə hava hücumundan müdafiə sistemləri yerləşdirdilər.

Bu zamandan başlayaraq iyunun 30-na qədər İlan adası uğrunda şiddətli döyüşlər davam etdi. Ukrayna adaya nəzarəti bərpa etmək üçün 2 dəfə genişmiqyaslı hücumlar təşkil etdi.

Nəhayət, iyunun 30-da Rusiya Müdafiə Nazirliyi hərbçilərin İlan adasını tərk etdiyini açıqladı.

İlan adasını strateji önəmə sahib edən bir çox məqamlar var. Analitiklər hesab edir ki, ada Rusiyaya aprelin 13-də batmış “Moskva” kreyserinin əvəzi kimi lazımdır. Bunun üçün adaya hava hücumundan müdafiə sistemləri yerləşdirərək 200 kilometr uzaqlıda havaya və dənizə nəzarət etmək mümkündür. Vizual nəzarət zonasına Xerson şəhəri və hətta Moldova ərazisi də düşür. Buradan Ukraynanın əsas limanına nəzarət etmək mümkündür.

Bu kontekstdə Böyük Britaniya Müdafiə Nazirliyinin İlan adası ilə bağlı açıqlaması xüsusi ilə maraqlıdır.

“Əgər Rusiya adada möhkəmlənə bilsə, öz Hava Hücumundan Müdafiə, sahil mühafizəsi və qanadlı raket sistemləri yerləşdirə bilsə, Qara dənizin şimal-qərb hissəsində dominantlıq edə biləcək.

İlan adasını ələ keçirmək asan olsa da, onu nəzarətdə saxlamaq çox çətindir. Ada dəniz səviyyəsindən 40 metr hündürlükdə düz ərazidə yerləşir.

Amma məhz bu amil bir çox çətinliklər doğurur.

Belə ki, İlan adası heç bir qala, meşə yaxud yüksəkliyə malik olmadığı üçün, ona hava və sudan hücum etmək çox asandır.

Həm Rusiya, həm də Ukrayna İlan adasında uğrunda qarşı tərəfin çoxsaylı itkilər verdiyini açıqlayıb.

Belə ki, Rusiya Ukraynanın 6 katerini, 3 Su-24 qırıcısını, 1 Su-27 təyyarəsini, 10 helikopteri, 3 desant katerini, 30 pilotsuz uçuş aparatını, Ukrayna isə öz növbəsində Rusiyanın 4 “Raptor” katerini, “Moskva” raket kreyserini, “Serna” desant gəmisini, “Vasiliy Bex” buksiri, Mi-8 və Ka-52 helikopteri, “Pantsir- C1” kompleksi və s. məhv edildiyini açıqlayıb.

Dəqiq itkilərin sayı olmasa da, döyüşlərdə hər iki tərəfin yüzlərlə döyüşçü, onlarla helikopter, təyyarə, pilotsuz uçuş aparatı və kater itirdiyi məlumdur.

# 4248
avatar

Vüqar İsmayılov

Oxşar yazılar