- Zülfiyyə xanım, mətbuatdan niyə qaçırsız İndiyəcən normal bir müsahibənizə rast gəlməmişik...
- Mətbuata çox çıxmağı xoşlamıram. Nəyə çıxım axı? Çox müsahibə verməyi sevmirəm. Müsahibə vermək məcburiyyətində qalanda həmsöhbətimi yola verirəm. Deyim ki, bəzi müğənnilər kimi müsahibə verməyi, efirlərdə tez-tez görülməyi sevirəm, bu yalan olar. Normal, sakit həyata üstünlük verirəm. Buna görə bəzi qələm əhli məndən inciyir. Bax, indi özüm istədim, bu, anidən baş verdi (gülür).
- Bir neçə dəfə prodüseriniz Nigar xanımla əlaqə saxladıq, amma o, xaricdə olduğunuzu söylədi...Xaricdə nə var ki, bütün müğənnilərimiz ora üz tutur? Azərbaycan bəs eləmir?
- Son dəfə xaricdə nə zaman olduğum yadıma gəlmir. O gün bir tanış qız məndən Bakıya nə vaxt qayıtdığımı soruşdu, qaldım fikirləşə-fikirləşə... Sən demə, Nigardan məni soruşublar, o, da mətbuata çıxmamaq istəyimi bildiyindən, deyib ki, xaricdəyəm.
- Barənizdə söylənilən şayiələrə münasibətiniz?
- Bu günəcən mətbuatda barəmdə pis heç nə yazılmayıb. Xoşagəlməz nə isə baş verməyib, ona görə...
- Əksər şou nümayəndələri, illərin sənətçiləri, əsasən, qalmaqalları ilə yadda qalırlar. Maraqlıdır. Nədənsə, adınız hələ də qalmaqallarda hallanmır...
- Qalmaqalı müğənnilərin özləri yaradırlar. Belə şeyləri sevmədiyim üçün, qalmaqallarda adım hallanmır. Mənim barəmdə nəsə söyləyənlərə də cavab vermirəm. Bəzən müğənni qalmaqalı özü-özünə reklam üsulu seçir. Amma bu, müvəqqətidir.
- Maşınlarını, evlərini bir sözlə öz şəxsi mülklərini nümayiş etdirən həmkarlarınıza münasibətiniz?
- Heç zaman icazə verməmişəm ki, şəxsi həyatımı kimsə işıqlandırsın. Maşın, ev şəxsi mülklərini reklam edənlərə nəsə deyə bilmərəm. Ən əsası, məndə bu xüsusiyyət yoxdur. Son dövrlər bu hal çoxalıb. Məni Ema Ələkbərzadənin toyu zamanı avtomobildən düşəndə çəkməyə başladılar. Buna bərk əsəbiləşdim. Kimə lazımdır axı mənim maşından düşməyim?
- Şou-biznesdə bir çox şeylərin dəyərini itirməsi, gülünc vəziyyətdə olması, bir sözlə sənətdən başqa hər şey... bu müğənnin günahı deyilmi?
- Yox. Sizinlə razı deyiləm. Düzdür. Pislər çoxdur. Yaxşılar az. Amma sənətlərinə hörmət edən, yaradıcılıq işləri ilə yadda qalan normal sənətçilərimiz də var. Bu sözü hər kəsə şamil etmək olmaz.
- İndiyəcən Sizə ünvanlananlar içində gözlədiyiniz, amma hələ də eşitmədiyiniz sual varmı?
- Maraqlı sualdır. Bəzən mənə ünvanlananlar arasında xoşuma gələn sual olur. Amma son dövrlər mənə eyni suallar verirlər. Şablon suallardan artıq təngə gəlmişəm. Bir zamanlar “ikinci dəfə həyata gəlsəydiniz müğənni olardınızmı?” sualı aktual idisə indi ən çox verilən “yaradıcılığınızda nə yenilik var? ”. Mən də istəyərəm ki, normal suallar eşidim. Normal suallar var, amma yetəri qədər deyil.