Müğənni Samir Bağırovla yaxın dostu, stilist Samiraldo (Samir Əliyev) arasında qalmaqal yaranıb. Lent.az-ın məlumatına görə, müğənni bildirib ki, Samiraldo onun adından istifadə edərək, özünü reklam edir: “Samiraldonun haqqımda məlumat yaymaqla yalnız bir məqsədi ola bilər. O da mənim adımı hallandırmaqla özünü reklam etməkdir. O, Samir Bağırov brendindən istifadə edir”.
Müğənnin söylədiyi fikirlər isə Samiraldonu özündən çıxarıb. Lent.az-a açıqlama verən Samiraldo müğənninin ittihamlarına cavab verib: “Mən özümü Samirin sayəsində reklam edirəm? Müğənni deyiləm ki, kiminsə sayəsində özümü reklam edim. Elə öz reklamım özümə kifayət edir. Artıq 2-ci dəfədir ki, o, mətbuata mənim barəmdə bu cür açıqlamalar verir. Amma yenə də inanmıram ki, Samir bu sözləri söyləsin. İndi mən onunla telefon bağlantısı yaradacağam, özü ilə danışacağam. Bu fikirləri təsdiqləsə, onunla başqa cür danışacağam. Niyə ondan soruşan yoxdur ki, onun sayəsində özümü reklam edirəmsə, mənimlə nə üçün dostluq edir? Niyə hər şeyini mənimlə bölüşür? Mən onun barəsində mətbuata olmayan bir şey danışmamışam axı? Sadəcə, vaxtı ilə söylədiyi bəzi sözləri, onun xeyrinə mətbuata danışmışam. Pislik etməmişəm ki...”
Qeyd edək ki, Samiraldo müsahibələrinin birində xalq artisti Aygün Kazımovanın Samir Bağırovla eşq yaşadığını deyib.