Xalq artisti Faiq Ağayev 27-dən 30-dək Heydər Əliyev Sarayında “F.A. Vida” adı altında keçiriləcək konsert öncəsi mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, jurnalistlərə açıqlama verən müğənni bildirib ki, bu konsert 25 illik səhnə fəaliyyətinin hesabat aktı olacaq: “Mən 5 il konsertlərə fasilə verdim. Amma fasilə versəm də, yenə də mənim rekorduma imza atan müğənni olmadı. İndi də konsertə hazırlıq prosesi gedir. Mən evə dünən səhərə yaxın saat 5-də getmişəm. Buna səbəb isə bu gün və konsert zamanı təqdim olunacaq musiqinin son tamamlama işlərində iştirak etməyimdir. Bu gün təqdim olunacaq “Əlvida” adlı mahnımın musiqisi dəyər verdiyim Nailə Mirməmmədliyə, sözləri isə Xuraman Vəfaya məxsusdur. Mənim üçün daha bir əlamətdar hadisə odur ki, mən ad günümdə konsert proqramı ilə çıxış edəcəyəm. Bir çoxları bu əlamətdar günü restoranda, banket zallarında qeyd etsə də, mən Heydər Əliyev Sarayında konsertimlə qeyd edəcəyəm. Əvvəl verdiyim konsertlərdən fərqli olaraq, bu konsertimdə iştiraka görə heç kimə dəvətnamə göndərməmişəm. Bu konsertimə görə 250 min manat pul xərcləmişəm. Bu, Azərbaycanda klipə çəkiləcək vəsait olaraq rekord bir göstəricidir”.
Xalq artisti bildirib ki, konsertin ideya müəllifi Anar Əsgərov, bədii rəhbəri Yaşar Baxış, musiqi rəhbəri isə Rüstəm Zeynallıdır.