Türkiyənin Adana şəhərində boşanma ərəfəsində olan qadının ölümü ilə nəticələnən silahlı hücum baş verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ceyhan rayonunun Küçükkırım məhəlləsində qeydə alınıb.
32 yaşlı Yusuf A. boşanma prosesində olduğu, 3 övladının anası 25 yaşlı Asya A.-nın yanına gələrək tapançadan ardıcıl atəş açıb. Güllələr qadının bədəninin müxtəlif nahiyələrinə dəyib.
Bundan sonra Yusuf A. təxminən 100 metr irəlidə həyat yoldaşının ailəsinin yaşadığı evin qarşısına gedib. O, burada qarşılaşdığı 16 yaşlı baldızı M.G.-yə də atəş açıb.
Şübhəli hər iki hücumdan sonra motosikletlə hadisə yerindən qaçıb.
Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıblar. Ağır vəziyyətdə olan Asya A. daha sonra Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına köçürülsə də, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti ekspertiza üçün Adana Ədli Tibb Qurumunun morquna aparılıb. 16 yaşlı M.G.-nin vəziyyətinin isə ağır olduğu bildirilir.
Hadisədən sonra axtarışa verilən Yusuf A. polis əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.