Abşeronda balatalanma hadisəsi zamanı xəsarət alanların daha biri ölüb.
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu gün xəsarət alan şəxslərdən daha biri - Hicran Həşimov müalicə aldığı xəstəxanada ölüb.
Sərxan Həşimov Cinayət Məcəlləsinin 120.2.7 və 29, 120.2.7-ci maddələrilə (qəsdən iki şəxsi öldürmə və qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iyulun 3-ü, saat 10 radələrində Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələri ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Zümrüd Haşımova aldığı xəsarətlərdən bu gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.
Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.