Azərbaycanda qeyri-neft sektorunun inkişafı: iqtisadi islahatlar və onun nəticələri
08 oktyabr 2017 14:18 (UTC +04:00)

Azərbaycanda qeyri-neft sektorunun inkişafı: iqtisadi islahatlar və onun nəticələri

 

 

Dünyada qlobal olaraq davam edən maliyyə böhranının Azərbaycana təsiri qaçılmaz idi, lakin buna baxmayaraq ölkəmizdə mühüm sosial-iqtisadi islahatların və bu islahatların dayanıqlı edilməsi üçün paralel olaraq həyata keçirilən hüquqi islahatlar nəticəsində iqtisadi böhranın təsiri minimum səviyiyə endirilmişdir. Ölkəmizin davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynamışdır. Həmçinin nəzərdə tutulmuş proqramların, investisiya layihələrinin uğurla icrası davam etdirilir. Şübhəsiz olaraq bütün bunlar dünyanın bir sıra nüfuzlu iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır və Azərbaycanın iqtisadi inkişafı yüksək qiymətləndirilir. Hətta həyata keçirilən islahatları bir model olaraq digər ölkələrə praktiki tətbiq edilə biləcək sınaqdan keçmiş nümunə kimi göstərilir. İslahatların uğurla reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artıb, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib.

Ümumdünya iqtisadi böhranının başlandığı 2008-ci ildən Azərbaycan hökuməti düşünülmüş siyasət həyata keçirmiş, zəruri vasitələrdən və təsir mexanizmlərindən istifadə edərək iqtisadi böhranın milli iqtisadiyyata mənfi təsirini minimallaşdırmağa müvəffəq olmuşdu. Lakin 2015-ci ildən etibarən dünyada neft qiymətlərinin aşağı düşməsi və dəyişən makroiqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini vacib edib və ölkə başçısınında postneft dövrü kimi xarakterizə etdiyi bu dövrdə aparılan islahatlar daha müntəzəm və sistemli xarakter alıb. Bu zaman qarşıya qoyulan əsas vəzifə qeyri-neft sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi, bu sahədə dinamik inkişafın təmin edilməsi üçün yeni iqtisadi islahatların həyata keçirilməsi olub. Bu məqsədlə qeyri-neft sektorunda müşahidə edilən proseslərə çevik adaptasiya, habelə postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün sənayenin qarşısında duran yeni çağırışlar və imkanların tətbiq ediləməsi üçün Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Strateji Yol Xəritəsi təsdiq edilmişdir . Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Bu strateji yol xəritələri Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. Təsdiq edilmiş xəritədə bütövlükdə milli iqtisadiyyat və 11 sektor üzrə yaxın orta və uzunmüddətli perspektivlər öz əksini tapmışdır. Strateji Yol Xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə, habelə müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq. Həmçinin maliyyə və makroiqtisadi koordinasiya təmin ediləcək, iqtisadi aktivliyi, investisiya cəlbini və qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi ilə bağlı mexanizmlər yaradılacaqdır. Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Bunun nəticəsidir ki, son illər uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir.

İslahatların əsas istiqamətindən biri də neqativ hallara qarşı müxtəlif hüquqi və tənzimləmə prosesini həyata keçirtmək üçün Şuranın yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması bu məqsədə xidmət edən addımlardan biridir. Apelyasiya Şurasının yaradılmasında məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsidir. Bundan başqa, Prezidentin fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da Apelyasiya Şuraları yaradılıb.

İqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən biri də regionların inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunur və bu proqrama əsasən digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcəkdir. Həmçinin rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına nail olunacaq. Şübhəsiz deyə bilərik ki proqramın qəbul edilməsindən keçən müddət ərzində qeyd etdiyimiz qarşıya qoyulan məqsədlərin bir hissəsinə müvəffəqiyyətlə nail olunmuşdur və qarşıdakı illər ərzində proqram çərçivəsində mühüm işlərin görülməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin rəbərliyi ilə həyata keçirilən islahatlar onu fikirləşməyə əsas verir ki, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatı neft sektorundan asılılığı mimimum dərəcədə olan dövlətlər sırasında olacaqdır.Bəli, hal-hazırda ümumi iqtisadiyyatda müəyyən geriləmələr var, ancaq bu, ilk növbədə neftin dünya bazarlarındakı qiymətlərinin kəskin düşməsi və onun hasilatının azalması ilə bağlı olan bir məsələdir. Cari ilin birinci yarısında iqtisadiyyatın qeyri-neft sektorunun əksər aparıcı sahələrində isə nəticələr pozitivdir. Əgər keçən illə müqayisədə qeyri-neft sənayesi, kənd təsərrüfatı istehsalı, nəqliyyat, informasiya və rabitə xidmətləri, pərakəndə ticarət və s. sahələr üzrə ciddi irəliləyişlər ola bilibsə, bu, o deməkdir ki, dövlətimiz postneft dövrünün nəbzini vaxtında və çox dəqiq tuta bilib və onun bu dövrdə apardığı islahatlar mövcud vəziyyətə tam adekvat islahatlardır. Bunun belə olduğunu və Azərbaycan hökumətinin postneft dövründə apardığı iqtisadi islahatların əhəmiyyətini dünyanın iki ən böyük maliyyə institutunun - Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərlikləri də artıq rəsmi bəyan ediblər və onlar tərəfində də təsdiq edilmişdir ki, davamlı surətdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qısa müddət ərzində neft sənayesindən asılılıq minimuma enəcəkdir. Hal - hazırda Azərbaycan bu yolda daha inamla irəliləmək və postneft dövrünün islahatlarını maksimum qısa zaman kəsiyində başa vurmağı hədəfləyir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, islahatların əsas hədəfi bir neçə il ərzində dövlət büdcəmizin gəlirlərini qeyri-neft sektoru hesabına təmin etmək olmalıdır. Bu baş verdikdən sonra isə dünya bazarlarında neftin qiymətlərinin dəyişməsinin heç bir əhəmiyyəti olmayacaq.

 

Anar Abbasov

Azerbaijan Realities

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494
avatar

Oxşar yazılar