Xəzərin dibindən 445 ton üç gəmi korpusu çıxarıldı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilər dənizin dibindən batmış gəmi hissələri çıxarıblar.
ASCO-nun mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Ağ şəhər bulvarının su akvatoriyasının metal hissələrdən təmizlənməsi işləri çərçivəsində Xəzər dənizinin dibindən ümumilikdə 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb.
Korpuslar müvafiq olaraq 180, 200, 65 ton olub. Batmış hissələri əvvəlcə dalğıclar kəndirlə bağlayıb, daha sonra kran gəmisinin köməkliyi ilə onlar “Barja-701” barjının göyərtəsinə qoyulub. Yedək gəmiləri ilə barjdakı gəmi hissələri sahilə çatdırılaraq metal qırıntısı kimi təhvil verilib.
Həyata keçirilən işlərə Xəzər Dəniz Neft Donanmasının “Qurban Abasov”, “Socar-1”, “Barja-701”, “Hövsan-5”, “Abşeronskaya-6”, “SPK-47/25”, “Hövsan-2” kimi gəmilər və barjı cəlb edilib.
Qeyd edək ki, ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir.
1049