Türkiyə bu il Azərbaycandan bu qədər qaz alıb
27 iyul 2019 15:55 (UTC +04:00)

Türkiyə bu il Azərbaycandan bu qədər qaz alıb

May ayında Türkiyə Azərbaycandan 770 milyon kubmetr təbii qaz idxal edib.
 
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, mayda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi aprellə müqayisədə 46 milyon kubmetr artıb. Azərbaycan mayda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (894 milyon kubmetr) sonra ikinci olub.
 
Bu ilin yanvarında Türkiyə 808 milyon kubmetr, fevralda 683 milyon kubmetr, martda 591 milyon kubmetr, apreldə 724 milyon kubmetr, mayda isə 770 milyon kubmetr Azərbaycan qazı alıb. Ümumilikdə 5 ayda qardaş ölkənin Azərbaycandan qaz idxalının həcmi 3 milyard 576 milyon kubmetr təşkil edib.
 
Qeyd edək ki, keçən il Türkiyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz idxal etmişdi.
 
Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Bu ilik ilk 3 ayında CQBK və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) birgə gündəlik orta ötürücülük gücü 30 milyon kubmetrdən çox olub. Rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 9 milyon dollar əməliyyat və 17 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
 
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).
 
Keçən il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə təqribən 2,2 milyard kubmetr “Şahdəniz” qazı nəql edilib. TANAP boru kəməri bu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.
 
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998
avatar

Oxşar yazılar