Donald Tramp artıq 3 gündür, rəsmən ABŞ prezidentidir və dünyanın ən qüdrətli dövlətini Ağ Evdən idarə edir. Bəs, ABŞ-da Tramp dövrünün başlaması dünya iqtisadiyyatına nə vəd edir?
Lent.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Vüqar Bayramov özünün sosial şəbəkədəki hesabında şərh verib.
Onun sözlərinə görə, hazırda Azərbaycan üçün üçün neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır: “Dolların aparıcı valyutalara, xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəbələrdən müəyyən enişlər mümkün görünsə də, ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil. Trampın “Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı”.
V.Bayramov bildirib ki, neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da, Trampın mühafizikar siyasəti “qara qızılın” qiymətində kəskin artımlar imkan verməyəcək: “Tramp seçki qabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadıq qalarsa, o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür. Bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq, ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklə edəcəyi inandırıcı deyil. Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək”.