“Naxçıvan” adından qeyri-qanuni istifadə etməklə istehsal olunmuş kontrafakt məhsullar aşkarlanıb.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili bazarda aparılan müşahidələr üzrə müəyyən olunub ki, Abşeron rayonu Xırdalan şəhəri İlham Cəfərov küçəsi 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs S.G.Nabatov və Heydər Əliyev prospekti 184 a ünvanında fəaliyyət göstərən fiziki şəxs N.S.Əsgərov tərəfindən istehsal olunmuş 3 çeşiddə kolbasa məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan “Naxçıvan” adı ilə markalanıb.
Dövlət Komitəsi istehlakçıların və sahibkarların nəzərinə çatdırır ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir. Belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur.
Qeyd edək ki, aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başladılıb.