Hostel azlığından azalan rəqəm: ölkə turist itirir - VİDEO
27 sentyabr 2019 11:31 (UTC +04:00)

Hostel azlığından azalan rəqəm: ölkə turist itirir - VİDEO

Dünyada qonaqlamanın ən ucuz və sosial növü hostellərdir ki, bu da az büdcə ilə səyahət edən bir çox insanların diqqət mərkəzindədir. Çünki turistlər bahalı otellərə pul xərcləməmək üçün ucuz və sərfəli hostellərdə qalmağa üstünlük verirlər. Eyni zamanda turistlər bəzən hostelləri dünyanın müxtəlif yerlərindən dost tapmaq, ünsiyyət qurmaq üçün münasib məkan hesab edirlər. Ən vacib olanı isə hostellərin insanların cibinə uyğun olmasıdır.

 

Qeyd edək ki, dünyada hostel 1909-cu ildə Almaniyada Şirman adlı müəllim tərəfindən yaradılıb. Daha sonra Fransa və Avropanın digər ölkələrinə yayılıb. “Hostel” sözü ingilis sözü olub, “yataqxana” mənası ifadə edir.

 

Azərbaycan Turizm Assosiasiyası (ATA) sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, Bakı şəhərində və regionlarda hostellərin yaradılması olduqca vacibdir. Bu, turizmin inkişafına müsbət təsir edə bilən amillərdən biridir. Yetər ki, günün tələblərinə uyğun olaraq qiymətlər hotellərə nisbətən ucuz olsun.

 

Müsahibimiz deyir ki, ilk növbədə hostellərin standartları müəyyən edilməlidir. Vaxtilə bu standartlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlansa da, təəssüf ki, sözügedən proses indiyədək başa çatdırılmayıb: “Hostellər günün vacib tələbi olduğu kimi, müasir standartlara cavab verməklə fəaliyyət göstərməlidir. Hər bir evdə hostel açmaq olmaz. Hostellərin standartına bir sıra nüanslar daxil olmalıdır. Bunlardan biri hostellərin giriş qapısı ayrı olmalı, birgə yaşayış qaydalarına mane olmamalı, mətbəx şəraiti normal olmalıdır”.

 

Müzəffər Ağakərimov hesab edir ki, bu gün paytaxtda fəaliyyət göstərən hostellər standartlara cavab verərsə, qonşu dövlətlərdən gələn insanlar şəxsi evlərdə qalmaq əvəzinə, hostellərdə yerləşərlər. Bu, onlara həm təhlükəsizlik baxımından sərfəli olar, həm də vergidən yayınmanın qarşısı alınar. Bir sözlə, həm dövlət qazanar, həm insanlar ucuz yerlərdə qala bilər, həm də təhlükəsizlikləri təmin olunar: “Bütün hostellər dövlət reyestrində qeydiyyatda olmalıdır. Bu zaman nəzarət olunacaq və nəticədə sanitar-gigiyenik normalara əməl edilər, vergidən yayınma halları baş verməz və nəhayət, qonaqlara yüksək səviyyədə qulluq edilər.  O zaman hostellər və fərdi yaşayış evini kirayəyə verənlər arasında rəqabət yaranacaq”.

 

Paytaxtda yerləşən bir neçə hostelə də baş çəkdik. Hostel sahibi Cavid Zeynalovdan öyrəndik ki, hostellərin 4-6, bəzən də 8-10 və ya 20 adam üçün nəzərdə tutulan otaqlarından insanlar gecələmək üçün rahatlıqla istifadə edə bilirlər. Yataq sayı artdıqca, qiymətlər aşağı düşür. Ümumi mətbəxdə hər kəs özünə xidmət edə və öz istədiyini bişirib yeyə bilər. Ümumi dəhlizdə isə televizoru seyr etməklə insanlar bir-biri ilə ünsiyyət qurur, söhbətləşir, hətta internet xidmətindən yararlana bilirlər. Hostellərdə təhlükəsizlik baxımından bir sıra addımlar da atılır: “Bizim hostelə gələnlərin pasportlarının, viza sənədlərinin üzünü götürürük. Qiymətlər isə şəhərin mərkəzi olmadığına görə orta qiymətdir. Təxminən 7 manatdır”.

 

Mayu Ka Azərbaycana Yaponiyadan gəlib: “Orada tələbəyəm və qazancım elə də çox deyil. Mən hər zaman çalışıram ki, qalacaq yer üçün az məsrəf edim. İstəyirəm, daha çox maraqlı muzeylərə gedib gəzim”.

 

İqtisadçı ekspert Vüqar Bayramov isə hesab edir ki, əgər ölkədə turizmi inkişaf etdirmək istəyiriksə, hostellərin və ulduzsuz hotellərin tikilməsi vacibdir. Onun sözlərinə görə, 2015-ci ilə kimi Azərbaycanda elitar turizm inkişaf etsə də, neftin qiymətinin aşağı düşməsi kütləvi turizmin də inkişaf etdirilməsinin vacib olduğunu göstərmiş oldu: “Hazırda hostellər də daxil olmaqla ölkəmizdə fəaliyyət göstərən bütün hotel və hotel kimi təklif olunan evlər daxil olmaqla, Azərbaycanda gündəlik çarpayı sayı 40 min ədəddir. Təbii ki, bunun da artırılması vacibdir. Bu zaman hostellər vasitəsilə çarpayı sayının artırılması daha realdır. Hazırda ölkəyə gələn turistlərin sayı 2,8 milyon nəfərdir. Turizmdən gələn gəlir də 2,9 milyard dollar təşkil edir. Məqsəd isə ondan ibarətdir ki, turistlərin sayını artırmaqla qeyri-neft sektorunda gəlir əldə edilsin”.

Ekspertin fikrincə, təkcə Bakıda deyil, regionlarda da ucuz qiymətli hostellər yaradılmalıdır. Bu, insanların turizmə cəlb olunmasında böyük rol oynaya bilər.

 

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə deyir ki, hazırda hostellər əsasən Bakı şəhərində fəaliyyət göstərir. Onların ümumi sayında davamlı artım müşahidə olunur. Habelə regionlarda da hostellər mövcud qonaqlama infrastrukturuna yeni əlavə kimi öz yerini tapmaqdadır. Xüsusilə Qəbələ bu baxımından digər regionlardan fərqlənir.

 

O ki, qaldı hostellərin və 1-2 ulduzlu hotellərin fəaliyyətinin inkişaf etdirilməsinin turizmin inkişafına necə təsir etməsinə, Kənan Quluzadə bildirdi ki, bu tip obyektlərin sayının artması aşağı büdcəli turizmin inkişafına müsbət töhfə verəcək. Bu səbəbdən Dövlət Turizm Agentliyi tərəfindən xüsusilə regionlarda 1, 2 və 3 ulduzlu hotellərin, eləcə də hostellərin fəaliyyətini təşviq etmək üçün təhlillər aparılır və müvafiq mexanizmlər üzərində işlənilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991
avatar

Oxşar yazılar