Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edib
Martın 6-da Rəşt şəhərində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qəzvin-Rəşt dəmir yolunun açılışı mərasimində iştirak edən Azərbaycanın nümayəndə heyəti ilə görüşüb.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, İran Prezidenti salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycan nümayəndə heyətini açılış mərasimində görməkdən məmnunluğunu bildirən Prezident Həsən Ruhani vurğulayıb ki, hər iki ölkənin siyasi rəhbərliyinin iradəsi ilə rəsmi Tehran və Bakı arasındakı münasibətlər özünün yeni inkişaf mərhələsini yaşayır. Deyib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Qəzvin-Rəşt dəmir yolunun Astara şəhərinə qədər çəkilməsi İranın və Azərbaycanın milli maraqlarını əks etdirir. Qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində Rəşt-Astara dəmir yolu da tikilərək istifadəyə veriləcək.
İran Prezidenti iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini, nəqliyyat, maşınqayırma, əczaçılıq və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Həsən Ruhani qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və xalqların rifah halının daha da yaxşılaşmasına xidmət edəcək.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırıb. Ş.Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətlərinin əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, son illərdə dövlət başçılarının intensiv olaraq keçirilən yüksəksəviyyəli görüşlərinin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb.
Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə xüsusi önəm verdiyini və bu məsələni daim diqqətdə saxladığını vurğulayıb. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan nümayəndə heyətinin Qəzvin-Rəşt dəmir yolunun istifadəyə verilməsi mərasimində iştirakı da ölkəmizin “Şimal-Cənub” Beynəlxalq Dəhlizinə verdiyi böyük önəmin təzahürüdür. Qəzvin-Rəşt dəmir yolu beynəlxalq dəhlizin əsas tərkib hissələrindəndir və bu layihə üzərində Azərbaycanla İranın birgə fəaliyyəti ölkələrimiz arasındakı dostluğun göstəricisidir.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iştirak ediblər.
1061