Prezident İlham Əliyev akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a sitinadən məlumatına görə, sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası akademik Əhəd Yaqubovun 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Qeyd edək ki, Yaqubov Əhəd Ələkbər oğlu Bakı şəhərində anadan olub. 1934-cü ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunun (indiki ADNSU) dağ-mədən fakültəsini bitirib. 1934-cü ildə SSRİ EA Azərbaycan filialında işləməyə başlayıb. Palçıq vulkanlarının inkişaf etdiyi sahələrin stratiqrafiyası, tektonikası, neft-qazlılığı, qazların, neftlərin, lay sularının geokimyəvi xarakteristikası sahəsində tədqiqatlar aparıb. 1937-1941-ci illərdə SSRİ EA Azərbaycan filialının Rəyasət Heyəti sədrinin müavini işləyib. O, Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri olub. 1941-ci ildə Azərbaycan KP MK neft üzrə katibi seçilib və həmin ildə SSRİ EA Yanar Qazıntılar İnstitutunda (Moskva ş.) "Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bu dissertasiya işi geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. Həmin işə görə o, SSRİ Dövlət Mükafatı Laureatına da layiq görülüb (1942). Professor Yaqubov Ə.Ə. 25 ildən artıq Azərbaycan Sənaye İnstitutunun "Geologiya və neft-qaz yataqlarının axtarışı" kafedrasına rəhbərlik edib. 1944-1946-cı illərdə SSRİ-nin İran səfirliyində məsləhətçisi olub, sonra Azərbaycan KP MK neft sənayesi üzrə katibinin müavini və şöbə müdiri təyin edilib. 1947-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik-katibi seçilib. 1949-1952-ci illərdə "Azərdənizneft", "Azneftkəşfiyyat" birliyinin rəisi işləyib. Bir sıra dəniz neft yataqlarının kəşf olunmasında və mənimsənilməsində iştirak edib, buna görə də o, ikinci dəfə SSRİ Dövlət Mükafatına layiq görülüb (1951). 1961-1966-cı illərdə neft və qaz ehtiyatlarının hesablanması problemi laboratoriyasına rəhbərlik etdib. 1966-cı ildən SSRİ-də ilk laboratoriya olan palçıq vulkanizmi laboratoriyasına, 1972-ci ildən isə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) palçıq vulkanizmi sektoruna rəhbərlik edib.
Yaqubov Ə.Ə. rəhbərliyi ilə 1971-ci ildə dünya geologiya təcrübəsində ilk dəfə olaraq "Azərbaycanın palçıq vulkanları atlası" nəşr olunub, 1978-ci ildə isə "Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları" xəritəsi tərtib edilib. 200-dən çox elmi əsəri və 10 monoqrafiyası dərc olunub. Azərbaycan dilində ilk dəfə yazılan dərsliklərin, dərs vəsaitlərinin və bir sıra elmi-metodik işlərin müəllifidir. Onun əsərlərində palçıq vulkanizmi haqqında elmin gələcək inkişafı öz əksini tapıb, palçıq vulkanlarının tektonika və neft-qazlılıqla genetik əlaqəsi əsaslandırılıb.
O, ilk dəfə olaraq palçıq vulkanlarının rayonlaşdırılmasını aparıb və onların morfogenetik təsnifatı verib. Palçıq vulkanlarının geologiyasını və geokimyasını öyrənməklə Azərbaycan depressiya zonalarında mezozoy çöküntülərinin yayılması və neft-qazlılıq perspektivliyi məsələlərini elmi əsaslandırıb və qazıma üçün perspektivli səhələri və obyektləri ayırıb.
50-dən çox elmlər doktoru və namizədi hazırlayıb. İki Lenin ordeni, "Şərəf nişanı" və "Oktyabr inqilabı" ordenləri ilə təltif olunub. SSRİ-nin Fəxri neftçisi olub.