27-31 yanvar 1995-ci ildə ümummilli lider Heydər Əliyevin ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirakı və ölkəmiz haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişafı barədə tədbir iştirakçılarına geniş məlumat verməsi Azərbaycanın Davos İqtisadi Forumundakı fəaliyyətinin əsasını qoymuşdur. Bu zaman Azərbaycanın zəngin resurslara malik olduğunu və bu resurslardan dünyanın gələcək inkişafı məqsədilə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edən ulu öndər Heydər Əliyev bununla müstəqil ölkənin gələcək inkişafı üçün stimul yaratmışdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Hər il mütəmadi olaraq dövlət başçısı səviyyəsində ölkəmiz forumda layiqincə təmsil olunur. 2013-cü il Dünya İqtisadi Forumunun ən vacib regional tədbirlərindən birinin Bakıda keçirilməsi, dünyanın bir çox qlobal və regional biznes liderlərinin, hökumət rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin bu tədbirdə iştirakı uğurlu əməkdaşlığın əyani sübutudur. Bu Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə möhkəmlənməsi demək idi.
Bu gün beynəlxalq arenada güclü nüfuza malik olan, Avropanın enerji təhlükəsizliyində artıq mühüm subyektə çevrilən Azərbaycan öz nailiyyətləriylə Forum iştirakçılarının, ümumilikdə isə bütün dünyanın diqqət mərkəzində olan bir ölkəyə çevrilmişdir. 2018-ci 22-26 yanvar tarixlərində "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" devizi altında baş tutan 48-ci Dünya İqtisadi Forumu Azərbaycan həqiqətləri və iqtisadi potensialının dünya ictimaiyyətinə çatdırılmasında növbəti uğurlu platforma kimi xaraterizə oluna bilər. 23 yanvar tarixində Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasında iştirak edərək Azərbaycanın iqtisadi inkişafı haqqında dolğun məlumatları diqqətə çatdırmışdı. Prezident İlham Əliyev Sammitdə Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlərdən və bu sahədə gələcək prioritetlərdən bəhs etmişdir. Azərbaycanın regionda enerji layihələrinin əsas təşəbbüskarı olduğunu, regional əməkdaşlığa töhfə verdiyini və ölkələrarası biznes və sərmayə mühiti yaradılmasının təşviqatçısına çevrildiyini bildirən İlham Əliyevin çıxışı Dünya İqtisadi Forumunun iştirakçılarının xüsusi marağına səbəb olmuşdur.
Dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rola malik olan Forum təbii ki, yalnız iqtisadi əhəmiyyət kəsb etmir. Onun siyasi əhəmiyyəti də bu gün artmaqdadır ki, bu da Forum iştirakçılarının ikitərəfli qarşılıqlı əməkdaşlığa cəlb edilməsi ilə şərtlənir. Elə Prezident İlham Əliyevin Forum çərçivəsində bir sıra dövlət rəsmiləri və nüfuzlu şirkətlərin təmsilçiləri ilə keçirdiyi mütəmadi ikitərəfli görüşlər də ölkələr arasındakı siyasi-iqtisadi dialoqun davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edir və qarşılıqlı münasibətlərin inkişafına xüsusi töhfə verir.
Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən rəqabətqabiliyyətliliyə görə 35-ci yerə layiq görülməsi, həm də ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Bu göstəriciyə görə Azərbaycan MDB məkanında birincidir. Bu isə onu göstərir ki, Azərbaycan iqtisadiyyatını səmərəli şəkildə inkişaf etdirir, yeni intellektual dünya iqtisadiyyatına qoşulur. Ölkədə sahibkarlığın inkişafı, enerji sektorundan asılılığın ləğvinə yönələn islahatların həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafının təminini nəzərdə tutan tədbirlər planının reallaşması, insan resurslarının stimullaşdırılması, təbii resurslardan məqsədyönlü şəkildə istifadə olunması yeni intellektual dünya iqtisadiyyatına qəbulolunmanın təsdiqidir.
Nailə Məmmədova
“Azerbaijan Realities”