Azərbaycanda təhlükəsizlik sertifikatlarının verilməsinə başlanır
Milli Sertifikat Xidmətləri Mərkəzi bu ilin sonunadək təhlükəsizlik sertifikatlarının (SSL) verilməsini təmin edəcək. Bu barədə ONA-ya mərkəzdən bildirilib.
Hazırda bu proses audit mərhələsindədir və aparılan auditin birinci mərhələsi artıq başa çatıb.
“Birinci mərhələdə bəzi məqamlar ortaya çıxdığı üçün tövsiyə olundu ki, onların üzərində işlər aparılsın və çatışmayan cəhətlər aradan qaldırılsın. SSL sertifikatlarının verilməsi olduqca çətin bir məsələ olduğu üçün aparılan yoxlamalar da mürəkkəbdir. Auditin ikinci mərhələsinin tam bitməsi bir qədər vaxt apara bilər. Təxmini hesablamalara görə, cari ilin sonuna başa çatdırılacaq”, - deyə mərkəzdən bildiriblər.
Qeyd edək ki, mərkəz “WebTrust Program for Certification Authorities” proqramı üzrə auditdən keçir. Layihə kommersiya xarakteri daşıyır və SSL sertifikatlarının verilməsi bəzi hallar istisna olmaqla pullu olacaq. SSL sertifikatları ən çox elektron ticarət platformalarında və müştərilər tərəfindən şəxsi məlumatlar daxil edilən saytlarda istifadə olunur. Məlumatların brauzerdən serverə köçürülməsi zamanı ələ keçirilməsinin qarşısını almaq üçün məlumatları şifrləyən xüsusi HTTPS protokol istifadə olunur.
855