Bu gün İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib. Lent.az xəbər verir ki, iclasda vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. İclasda qeyd edilib ki, 2016-cı ildə pambıq istehsalı 2,5 dəfə artıb. Əkin sahələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması üzrə işlər görülür. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Dövlət başçısının müvafiq sərəncamları ilə ölkəmizdə barama, pambıq və tütün istehsalçılarına subsidiya verilməsi qərara alınıb. 2016-cı ildə pambıqçılıqla məşğul olan 260-dək fermerə 3,2 milyon manat, tütünçülük sahəsi üzrə isə 30-a yaxın fermerə 220 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1000-dən çox yeni iş yeri yaradılıb.
Kollegiya iclasında yeni pambıqtəmizləmə zavodlarının tikintisi istiqamətində araşdırmaların davam etdirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verilib.
Dövlət başçısının tapşırığına əsasən, yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsi, meliorativ tədbirlərin aparılması davam etdiriləcək və bunun üçün Dövlət İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılıb. Bu il Yuxarı Mil və Neftçala magistral kanallarının tikintisi, Sabirabad rayonunda Haş kanalının yenidənqurulması davam etdiriləcək.
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 20 rayonunda 44 min hektaradək sahədə 22 sahibkarlıq subyekti tərəfindən müasir suvarma sistemləri tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 193 milyon manat olan bu təsərrüfatların yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalı üzrə 120 sentnerədək, soya üzrə isə 35 sentnerədək təşkil edir.
Mövcud aqroparkların infrastukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq, Xaçmaz və Şəmkir rayonlarında aqroparklar yaradılır. Xaçmaz rayonunda yerləşən Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və 2016-cı ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Aqroparkda payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlıq - hər hektardan 156 sentner yüksək keyfiyyətli dənlik qarğıdalı istehsal olunub.
Şəmkir aqroparkda tutumu 21,2 min ton olan logistika mərkəzinin tikintisi davam etdirilir.
Hazırda ölkənin 21 rayonunda 124 min hektaradək ərazidə daha 26 aqroparkın yaradılması təşviq olunur. Bu aqroparklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.