Azərbaycan Beynəlxalq Bankı kompensasiya ödənişlərinə başladı
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində problemli kreditlər üzrə kompensasiya ödənişlərinə Azərbaycan Beynəlxalq Bankında da bu gündən start verilib.
Bankdan ONA-ya verilən məlumata görə, kompensasiya vəsaitlərinin köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək. Proses növbəlilik prinsipi əsasında aparılacaq.
Azərbaycan Beynəlxalq Bankından müştərilərə SMS göndərilərək kompensasiya ödənişlərinin yeri və vaxtı barədə əvvəlcədən məlumat verilib. Bu, vətəndaşların rahatlığı, onların vaxtına qənaət üçündür. Belə ki, müştərilər təyin edilmiş vaxtda filiala gələrək növbədə dayanmadan, təqdim etdikləri məlumatlar müvafiq qaydada yoxlandıqdan sonra kompensasiya ödənişlərini ala bilərlər.
Telefon nömrəsini dəyişmiş müştərilərdən isə Bankın 937 nömrəli Məlumat Mərkəzinə zəng edib, yeni əlaqə nömrələrini təqdim etmələri xahiş olunub. Bankın sosial şəbəkələrdəki korporativ səhifələrində bu barədə bildiriş yerləşdirilib.
1056