“Fresco” supermarketi Lent.az-ın yazdığı problemə görə əhalidən üzr istəyib.
Supermarketdən Lent.az-a ünvanlanan üzrxahlıq məktubunda bildirilir ki, yaşanan həmin hal sistemdə olan ləngimədən qaynaqlanan texniki səhvdir: "İlk növbədə, belə bir hal baş verdiyi üçün sizlərdən çox üzr istəyirik, texniki səhv də olsa, bu, bizim səhvimizdir. Dünən mağazamızda bananın kilosu 1.79 AZN olub, bu gün isə bananın qiyməti 1.95 AZN müəyyən olunub. Rəfin üzərində qiymətin 1.95 AZN olmasına baxmayaraq (yəni müştəri alarkən bananın 1.95 AZN olduğunu bilirdi), tərəzinin texniki nasazlığı olduğu üçün həmin tərəzidə qiymət dəyişikliyi baş tutmayıb və təəssüf ki, banan köhnə qiymət ilə hesablanıb. Bu səhv üçün sizdən bir daha üzr istəyirik, amma bu o demək deyil ki, biz müştərini aldatmağa çalışmışıq. Belə bir nasazlıq dünyada bütün supermarket şəbəkələrində baş verə bilər. Biz belə halları minimuma endirmək üçün əlimizdən gələni edirik. Nə vaxtsa belə bir hal ilə qarşılaşsanız, çox xahiş edirik, dərhal mağaza rəhbərliyini çağırıb məsələni yerindəcə həll edəsiniz. Çünki müştəri istər tərəzi qəbzində, istər kassada qiymət fərqi ilə rastlaşdıqda aşağı qiymət hansıdırsa, həmin qiymət müştəriyə təqdim olunur. Bizi anlayışla qarşılayacağınızı ümid edirik”.
***
12:24
Paytaxtda yerləşən iri “Fresco” supermarketində qiymət uyğunsuzluğu halı qeydə alınıb.
Lent.az xəbər verir ki, istehlakçılardan birinin şikayətinə görə, marketdən aldığı məhsul piştaxtada bir, kassada isə başqa qiymətə hesablanıb.
Belə ki, alıcının aldığı bananın üzərindəki kağızda qiymət 83 qəpik, kassada verilmiş qəbzdə isə 91 qəpik olaraq qeyd edilib.
Sosial şəbəkədə paylaşılan bu fotunu sizlərin də diqqətinə çatdırırıq. Qeyd edilən tarixə və rəqəmlərə diqqətlə nəzər salın. Göründüyü kimi, qiymətlər arasında böyük uyğunsuzluq müşahidə edilir.
Qeydə alınan bu qiymət uyğunsuzluğunun qanun pozuntusu olduğunu deyən İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev Lent.az-a bildirib ki, məhsulun üzərindəki kağızda qeyd edilmiş qiymətlə kassada verilmiş qəbzdəki qiymət eyni olmalıdır: “Belə olmaması isə qanun pozuntusu sayılır və bununla bağlı tədbirlər görülməlidir”.
A.Əliyev vurğulayıb ki, eyni zamanda istehlakçılar bu hallarla qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin “qaynar xətt”i olan 195-ə müraciət etsin.