[b]Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərinin qeydiyyatına başladı[/b]
02 iyul 2018 09:07 (UTC +04:00)

[b]Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərinin qeydiyyatına başladı[/b]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu gündən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq.

 

"APA-Economics"in məlumatına görə, Agentlik qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək.

 

Sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək. Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və  satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müraciət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.

 

Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və Agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.

 

Qeydiyyat üçün sahibkarlar tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

 

Ərizə

 

Fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti

 

Vergi ödəyicisi olmasını təsdiq edən uçota alınma haqqında şəhadətnamənin surəti

 

Hüquqi şəxslər tərəfindən dövlət reyestrindən çıxarışın surəti

 

Sahibkarın səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənəd

 

 

Qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti

 

Müraciət edən idxalçı və ya xarici təsərrüfat subyekti olduqda ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən subyektin (onun obyektinin) qeydiyyata alınmasını təsdiq edən sənəd və məhsulun təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın (mövcud olduqda) notariat qaydasında təsdiq edilmiş surəti

 

Dövlət rüsumunun ödənişini təsdiq edən sənəd

 

Qeyd edirik ki, ərizədə qeydiyyata alınan sahibkarlıq subyektinin adı, hüquqi ünvanı və ya qeydiyyat ünvanı, fəaliyyət istiqaməti, qeydiyyata alınan subyektin fəaliyyət istiqamətindən asılı olaraq həmin fəaliyyətin həyata keçirildiyi faktiki ünvanı, VÖEN-i, səlahiyyətli nümayəndəsi (varsa) barədə, habelə işçilərin (tibbi müayinədən keçmiş işçilər daxil olmaqla) sayı barədə, məhsul və ya xidmət haqqında məlumatlar əks olunmalıdır.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunmasında iştirakına yüksək qiymət verir və öz fəaliyyətlərini qarşılıqlı etimad şəraitində qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata  keçirməyə dəvət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487
avatar

APA Baycan

Oxşar yazılar