Prezident İlham Əliyev Ələtdə terminalın açılışında - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.
Lent.az-ın AzərTAC-a istinadən xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.
Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla başlanıb. Yeni limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə, bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.
Dövlət başçısının tapşırığı ilə bu kompleksin inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın hazırda inşası aparılan birinci fazası ümumi ərazinin 117 hektarını əhatə edir. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib.
Prezident İlham Əliyevin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci ildə imzaladığı Sərəncama əsasən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün icra olunacaq işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib. Sifarişçi tərəfindən xarici və yerli mütəxəssislərin iştirakı ilə limanın Baş Planı təkmilləşdirilərək müvafiq qaydada razılaşdırılıb və təsdiq edilib, layihə qrafiki buna müvafiq olaraq yenilənib. Tədbirlər Planı ilə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejimi tətbiq edilib. Nəticədə işlərin dinamikası əvvəlki dövrlərlə müqayisədə beş dəfə artıb. Hazırda tikinti işləri yüksək sürətlə davam etdirilir və bu işlər kompleksin bütün seqmentlərini əhatə edir. Tikinti işlərinə 1500-ə yaxın işçi qüvvəsi və 300-ə qədər müxtəlif təyinatlı inşaat texnikası cəlb olunub. İnşaat işlərinin müvafiq müqavilələrə əsasən liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılması nəzərdə tutulur. Görülən işlər Xəzər dənizində üzən gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7-8 min tonadək gəmilər daxil olur. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin 7 metrdən 9 metrə qədər artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə çəkisi 12 min tona qədər olan gəmilərin də sərbəst yanalmasını təmin edəcək.
Prezident İlham Əliyevə yeni Ro-Ro terminalı barədə məlumat verilib. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.
Dövlət başçısı terminalın açılışını edib.
Buradakı sistem suyun səviyyəsinin enib-qalxmasından asılı olmayaraq gəmilərin təhlükəsiz şəkildə körpüyə yanalmasını təmin edir. Layihə qrafikinə əsasən, bu il yanvarın sonunadək digər yeddi ümumi yük körpüsünün tikintisi tamamlanacaq. 2018-ci ilin birinci rübünün sonunadək isə anbarların, yardımçı binaların, digər əlaqəli infrastruktur obyektlərinin inşasının, onların mühəndis-kommunikasiya xətlərinin çəkilməsinin, həmçinin yardımçı sistemlərin quraşdırılmasının yekunlaşdırılması nəzərdə tutulur. Limanın əməliyyat binasının inşası isə bu ilin mayında bitəcək.
Sonra dövlət başçısına hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin inşaat ərazisində görülən işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev inşaat ərazisini gəzib, işlərin gedişi ilə yaxından tanış olub.
***
10:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.
Lent.az-ın AzərTAC-a istinadən xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev terminalın açılışını edib.
284