Prezident İlham Əliyev: “Kənd təsərrüfatında məhsuldarlığın artımına yeni yanaşma ilə nail olacağıq”
“Kənd təsərrüfatı laboratoriyası və Süni Mayalanma Mərkəzinin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Mənə indi göstərilən avadanlıq, imkanlar deməyə əsas verir ki, biz yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq. Çünki qarşımızda duran əsas vəzifə mövcud torpaq fondundan istifadə edərək məhsuldarlığı artırmaqdan ibarətdir”. APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev Göygöl rayonunda Kənd təsərrüfatı laboratoriyası və Süni Mayalanma Mərkəzinin açılış mərasimi zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı qeyd edib ki, toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları bu məqsədə çatmaq üçün imkan yaradacaq: “Çünki fermerlər, iş adamları, kəndlilər artıq biləcəklər ki, hansı toxumdan istifadə etmək lazımdır, hansı aqrotexniki tədbirlər görülməlidir, hansı torpaq sahəsində hansı gübrələrdən istifadə olunmalıdır. Ərzaq təhlükəsizliyi məsələləri də bu laboratoriyalar vasitəsilə təmin ediləcək. Belə laboratoriyalar 12 bölgədə yaradılır. Bu, əslində kənd təsərrüfatının inkişafında növbəti mərhələnin başlanğıcıdır, dönüş nöqtəsidir. Çünki bundan sonra Azərbaycanda kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək və beləliklə, biz məhsuldarlığın artımına nail olacağıq. Çünki Azərbaycanın ərazisi, əlbəttə, imkan vermir ki, biz böyük həcmdə yeni əkin sahələrini dövriyyəyə cəlb edək. Halbuki biz bunu edirik, xüsusilə meliorativ tədbirlər nəticəsində”.
Prezident Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsinin də heyvandarlıqda ciddi artıma gətirib çıxaracağını qeyd edib: “Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində bir neçə il ərzində Azərbaycanda mal-qaranın cinsi tədricən yaxşılaşacaq. Beləliklə, məhsuldarlıq yüksələcək, südçülük inkişaf etdiriləcək və ət istehsalı da artacaq. Hazırda biz həm ət, həm də süd ixrac edirik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki əvvəlki illərdə biz idxaldan çox asılı idik. İndi biz bu asılılığı aradan götürürük. Düzdür, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik, idxal da edirik, amma ixraca da başlamışıq. Bizim məhsulumuz çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir. Amma biz elə etməliyik ki, özümüzü süd məhsulları ilə tam təmin edək və ixrac potensialımızı da artıraq. Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində biz bir neçə il ərzində buna nail olacağıq”.
Dövlət başçısı qeyd edib ki, hazırda kənd təsərrüfatı hökumət üçün prioritet sahədir: “Son illər ərzində kənd təsərrüfatı sahəsində çox böyük işlər görülüb. Həm bitkiçilikdə, həm heyvandarlıqda, ümumiyyətlə, kənd təsərrüfatında artım təmin edilir. Bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb. Bu, görülən işlər nəticəsində mümkün olub. Hazırda 40-a yaxın yeni aqropark yaradılır. Əlbəttə, biz bu aqroparkların fəaliyyəti nəticəsində istehsalı artıracağıq”.
Prezident İlham Əliyev hazırda bölgələrdə işsizliklə bağlı problemin aradan qaldırıldığını bildirib: “Bizim üçün ənənəvi olan kənd təsərrüfatı sahələri bərpa edilir, dirçəldilir. Pambıqçılıq. Son iki il ərzində biz pambıqçılığı demək olar ki, 10 dəfəyə yaxın artırmışıq. İndi minlərlə, on minlərlə insan işləyir və əməkhaqqı alır. Biz tütünçülüyü də, ipəkçiliyi də bərpa edirik.
Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq”, - deyə dövlət başçısı qeyd edib.